Dərc olunub: 29.04.2025

Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev Türkiyənin raket istehsalı ilə məşğul olan “ROKETSAN” şirkətinin Azərbaycandakı təmsilçisi “AZROKSAN”ın rəhbərliyi ilə görüşüb. Görüşdə “Bayraktar Teknoloji Azerbaycan” və Sumqayıt Texnologiyalar Parkının (STP) nümayəndələri də iştirak ediblər.

Təmsil etdiyi şirkət haqqında ətraflı informasiyalar verən Mehmet Ali Tahancalıo “AZROKSAN”ın Türkiyənin raket istehsalı ilə məşğul olan “ROKETSAN” şirkətinin Azərbaycandakı təmsilçisi kimi fəaliyyət göstərdiyini bildirib. “ROKETSAN” ilə STP-nin birlikdə yaratdığı “AZROKSAN”ın hədəflərini diqqətə çatdıran qonaq şirkətin müdafiə sənayesi üçün məhsullar istehsal və dizayn etmək, eləcə də satışını həyata keçirmək istiqamətində çalışdığını deyib. Habelə bunun üçün bacarıqlı mühəndislərə ehtiyac duyulmasından, BMU ilə əməkdaşlığın əhəmiyyətindən, mexanika, elektrik və elektronika, kimya mühəndisliyi ixtisaslarında təhsil alan tələbələrə şirkətdə, həmçinin Türkiyədə nüfuzlu müəssisələrdə təcrübə imkanlarının yaradılması mümkünlüyündən danışıb.

Görüşdə BMU haqqında qonaqlara geniş məlumat verən rektor Yaqub Piriyev universitetin mövcud imkanları, həmçinin elmi-tədqiqat potensialı, Cənubu Koreya və Çin universitetləri ilə ikili diplom proqramları barədə zəruri informasiyaları təqdim edib. Universitet-sənaye işbirliyinin əhəmiyyətini vurğulayan rektor bu baxımdan qardaş ölkə olan Türkiyənin nüfuzlu şirkətləri, o cümlədən “Bayraktar Teknoloji Azerbaycan” ilə qurulan əlaqələrə, bu yaxınlarda imzalanan müqaviləyə diqqət çəkib. Yaqub Piriyev universitetdə nəzərdə tutulan yeniliklər, eləcə də BMU tələbələrinin uğurlu startap layihələrindən də ətraflı bəhs edib və mümkün əməkdaşlıq istiqamətlərini vurğulayıb.

STP Şirkətlər Qrupunun rəsmisi Nigar Bayramova görüşdə  “Sabahın gücü” İnkişaf Proqramı haqqında məlumat verib. Proqramın mühəndislik sahəsində təhsil alan gənclərin sənaye mühəndisliyi istiqamətində peşəkar inkişafını yüksəltmək məqsədilə yaradıldığı qeyd olunub.

Müzakirələrlə davam edən görüşdə yaxın gələcəkdə BMU ilə “AZROKSAN” arasında əməkdaşlıq müqaviləsinin imzalanması məsələsi nəzərdən keçirilib.

Sonda qonaqlar BMU-nun laboratoriyaları, Texnoparkı ilə tanış olublar.