Dərc olunub: 29.04.2025
Aprelin 28-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında filialın Ümumelmi fənlər kafedrasının nəzdində fəaliyyət göstərən Gənc Psixoloqlar Birliyinin (GPB) fəaliyyətinin 7-ci ildönümü münasibətilə “Daxilimizdəki gizli dünya” adlı tədbir keçirilib.
Filialın rəhbərliyi, professor-müəllim heyəti və tələbələrinin iştirak etdiyi tədbirdə, əvvəlcə birliyin illik fəaliyyətini əks etdirən videocarx nümayiş olunub. Sonra Təhsildə sosial-psixoloji xidmət ixtisasının II tədris ili tələbələri Günəş İbrahimova “Sosial rollar və gündəlik həyat: Goffmanın Dramaturji nəzəriyyəsi kontekstində”, Nuranə Muradlı “Psixoloji müdafiə mexanizmləri”, Günəş İbrahimova “Temperament” mövzularında çıxış ediblər.
Tədbirdə təqim olunmuş mövzulara uyğun olaraq, tələbələrin səhnələşdirdikləri “Həyatda oynadığımız rollar”, “Görmək istədiyimiz dünya”, “Sürpriz imtahan” adlı psixodramalar maraqla qarşılanıb.
Filialın direktoru dosent Vurğun Məmmədov, elmi işlər üzrə direktor müavini dosent Nuralı Çələbiyev, Ümumelmi fənlər kafedrasının müdiri dosent Sədrəddin Bədiyev, Karyera mərkəzinin müdiri Xuraman Həmidova, Ümumelmi fənlər kafedrasının baş müəllimi, GPB-nin rəhbəri Kəmalə Ramazanova çıxış edərək təşkilatçıları və birliyin üzvlərini təbrik ediblər.
Sonda cari tədris ili ərzində GPB-nin fəaliyyətində, eləcə də tədbirin təşkilində fəallığı ilə fərqlənən tələbələr rəhbərlik tərəfindən sertifikat və Fəxri Fərmanla mükafatlandırılıblar.