Dərc olunub: 29.04.2025

Aprelin 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) universitetin “Enactus” komandasının təşkilatçılığı ilə “Gələcəyin intellekti: Süni intellektin tətbiqi, innovasiyası və gələcək perspektivləri” mövzusunda təlim baş tutub.

Tədbiri giriş sözü ilə ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov açaraq təlim iştirakçılarını salamlayıb və bu təşəbbüsün aktual və strateji əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, bu kimi tədbirlər gənclərin intellektual inkişafına, rəqəmsal dünyada yerini möhkəmləndirməsinə və gələcək əmək bazarına uyğunlaşmasına mühüm töhfə verir. Professor A. Zamanov çıxışında Ümummilli Lider Heydər Əliyevin gənclərin elm, texnologiyaya və intellektual inkişafına yönəlmiş siyasətindən bəhs edərək bildirib ki, məhz bu strateji baxış bu gün Azərbaycanın elm və texnologiya sahəsində əldə etdiyi uğurların təməlini təşkil edir. O əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən rəqəmsallaşma siyasəti, elektron hökumət təşəbbüsləri və rəqəmsal transformasiya proqramları süni intellektin dövlət səviyyəsində prioritet sahə kimi müəyyən olunmasına səbəb olmuşdur. Prorektor xüsusilə vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü ilin dekabrında imzaladığı “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası” bu istiqamətdə dövlət siyasətinin əsas sənədlərindən biri kimi çıxış edir. Strategiyada süni intellektin etik çərçivədə inkişaf etdirilməsi, insan resurslarının hazırlanması, elmi-tədqiqat mühitinin dəstəklənməsi və milli innovasiya sisteminin gücləndirilməsi kimi mühüm hədəflər əks olunub.  Qeyd edilib ki, gələcəyin peşələri artıq bugünkü reallığa çevrilməkdədir və bu baxımdan hər bir gəncin bu dəyişən dünyaya hazır olması, bilik və bacarıqlarını davamlı şəkildə yeniləməsi mühüm əhəmiyyət kəsb edir. A.Zamanov bu baxımdan, tədbirin olduqca vacib əhəmiyyətə malik olduğunu qeyd edib.

Daha sonra çıxış edən ADPU Enactus komandasının rəhbəri Şahin Məmmədli tədbirin təşkilində məqsəd və prioritet istiqamətlər barədə məlumat verib, tələbələrin bu kimi layihələr vasitəsilə innovativ düşüncə tərzini inkişaf etdirməsinin vacibliyini vurğulayıb. Ş.Məmmədli həmçinin komanda tərəfindən yeni süni intellekt əsaslı layihə üzərində iş aparıldığını bildirib və bu sahəyə marağı olan gəncləri layihəyə qoşulmağa dəvət edib.

Təlimın əsas məruzəçisi – Azərbaycan Memarlıq və İnşaat Universitetinin İKT Mərkəzinin direktoru və “AlphaOmega” MMC-nin təsisçisi Sərxan Talıbzadə süni intellektin aktual tətbiq sahələri, innovativ texnologiyalar və gələcək inkişaf perspektivləri barədə ətraflı təqdimatla çıxış edib. Təqdimat zamanı iştirakçılar təhsil, səhiyyə, sənaye, iqtisadiyyat və sosial sahələrdə süni intellektin tətbiqi, eyni zamanda bu texnologiyaların potensial riskləri və etik məsələləri barədə geniş məlumat əldə ediblər.

Tədbir interaktiv müzakirələrlə və iştirakçıların suallarına cavablarla davam edib