Dərc olunub: 29.04.2025
Aprelin 28-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Özbəkistan Milli Universitetinin Psixologiya kafedrasının nümayəndələri ilə görüş keçirilib. 
Görüşdə Özbəkistan Milli Universitetinin əməkdaşları Dilbər Muxamedova, Ruxsora Kudratullayeva, Aziza Turakulova və Diyora Xodjakulova, eləcə də ADPU-nun Məktəbəqədər təhsil fakültəsinin dekanı dosent Nailə Hüseynova, Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Nərgiz Səfərova və fakültənin nümayəndələri iştirak ediblər.
Görüş zamanı tərəflər iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.
Təhsil sahəsində təcrübə mübadiləsi, birgə elmi-tədqiqat layihələrinin təşkili, tələbə və müəllim mübadiləsi proqramlarının hazırlanması və həyata keçirilməsi kimi mövzuların müzakirə edildiyi görüşdə, həmçinin yaxın gələcəkdə qarşılıqlı anlaşma memorandumlarının və əməkdaşlıq müqavilələrinin imzalanması imkanları barədə fikir mübadiləsi aparılıb.
Tərəflər vurğulayıblar ki, qurulacaq akademik əməkdaşlıq hər iki universitetin tələbə və müəllim heyətinin elmi və pedaqoji inkişafına mühüm töhfə verəcəkdir.
Görüşün sonunda gələcək addımların planlaşdırılması məqsədilə işçi qruplarının yaradılması barədə ilkin razılıq əldə olunub.