Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Nəsimi Rayon İcra Hakimiyyəti (RİH) tərəfindən Ulu Öndərin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və dövlətçilik dəyərləri: hüquqi irs və milli suverenlik” mövzusunda seminar keçirilib.
“Konstitusiya və Suverenlik ili” çərçivəsində keçirilən seminarda Azərbaycan Respublikası Prezidenti Katibliyinin sabiq rəisi, 1-ci dərəcə dövlət müşaviri, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə, Nəsimi rayon Ağsaqqallar Şurasının sədri, Əməkdar elm xadimi Vaqif Şadlinski, Nəsimi RİH başçısının müavini Gülarə Verdiyeva, Yeni Azərbaycan Partiyası Nəsimi Rayon Təşkilatının sədri Azər Süleymanov, BŞTİ-nin sektor müdiri Günay Qurbanova, ümumi təhsil məktəbləri və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və şagirdlər iştirak ediblər.
İştirakçılar əvvəlcə Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub, BŞTİ-nin tabeliyində olan Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin rəsmlərindən ibarət sərgiyə baxış keçiriliblər.
Seminar Dövlət Himninin səsləndirilməsi, Ulu Öndərin və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daha sonra Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Azərbaycan Respublikası Prezidenti Katibliyinin sabiq rəisi, 1-ci dərəcə dövlət müşaviri D.Seyidzadə, Nəsimi rayon Ağsaqqallar Şurasının sədri V.Şadlinski Heydər Əliyevin Azərbaycan tarixindəki yeri və mövqeyinin, müstəqil dövlətimiz və xalqımız qarşısındakı tarixi xidmətlərinin gənc nəslə aşılanması istiqamətində bu cür seminarların təşkilini müsbət qiymətləndirib, dahi şəxsiyyətin həyatı, fəaliyyəti, mübarizəsi və idealları barədə şagirdlərin maarifləndirilməsinin vacibliyini qeyd ediblər. Heydər Əliyev irsinin öyrənilməsinin, onun təbliğinin gənc nəslin təlim-tərbiyəsində xüsusi rol oynadığını vurğulayan çıxışçılar Azərbaycan gəncliyinin həyatımızın bütün sahələrində aktiv fəaliyyəti ilə seçildiyini bildiriblər.
Seminarda 2 və 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin ifasında ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.
Daha sonra seminar iştirakçıları məktəbliləri düşündürən sualları cavablandırıblar.