Azərabyacan Dövlət Pedaqoji Universitetində (ADPU) “Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsininin final mərhələsinə vəsiqə qazanan tələbələrlə universitet rəhbərliyi arasında görüş keçirilib.
Görüşdən əvvəl final mərhələsinin püşkatması keçirilib və finalçıların komanda bölgüləri müəyyən edilib. Final mərhələsinə vəsiqə qazanan 105 iştirakçı finalda 17 komanda daxilində qələbə üçün yarışacaq. Püşkatmanın ardınca layihə rəhbəri, ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev finalın sturukturu, qaydaları və nəzərdə tutulan tapşırıq modelləri barədə məlumat verib. Həmçinin, iştrakçılara kollektiv müzakirələrdə liderlik və situasiyanın düzgün idarə edilməsi barədə qısa təlim keçirilib.
Daha sonra ADPU-nun rektoru, müsabiqənin Təşkilat Komitəsinin sədri professor Cəfər Cəfərovun finalçılarla səmimi görüşü keçirilib. Görüşdə, həmçinin ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru, müsabiqənin Təşkilat Komitəsinin üzvü prof. Fikrət Rzayev və Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri, layihənin İşçi Qrupunun rəhbəri Turan Kərimli də iştirak edib.
Prof. Cəfər Cəfərov qeyd edib ki, təhsil idarəçiliyi sahəsində innovativ və yenilikçi təcrübələrə daim açıq olan Pedaqoji Universitet gənclərin potensial lider və təhsil idarəedicisi kimi formalaşmasına xidmət edən təşəbbüsləri hər zaman dəstəkləyir. Bu təşəbbüslərin ən vaciblərindən olan “Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin istedadlı tələbələrin potensiallarının aşkarlanması və onların kadr bankına əlavə olunmaları, mentorluq proqramına cəlb olunaraq inkişaflarına dəstək göstərilməsi məqsədini daşığını bildirən rektor ötən ildən keçirilməyə başlayan müsabiqənin ali təhsil müəssisələri arasında bir ilk olduğunu vurğulayıb. Rektor bildirib ki, müasir dövrdə təhsil sahəsi dinamik və çevik idarəedicilərə ehtiyac duyur. Qlobal trendlər, rəqəmsallaşma, yeni təlim yanaşmaları və inklüziv təhsil kimi məsələlər idarəçilikdə yeni liderlik modellərinin formalaşmasını tələb edir. Bu baxımdan “Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsi tələbələr arasında liderlik keyfiyyətlərinin inkişaf etdirilməsi, strateji düşüncə, operativ qərarvermə və komanda işi bacarıqlarının artırılması üçün xüsusi əhəmiyyət daşıyır. O bildirib ki, burada əldə edilən təcrübə gələcəkdə məzunların əmək bazarında daha rəqabətli olmasına, idarəetmə strukturlarında uğurla yer almalarına və ümumilikdə təhsilimizə yeni nəfəs gətirmələrinə şərait yaradacaq. Bu prosesdə məqsəd yalnız qalibləri müəyyən etmək deyil, həm də bütün iştirakçıları inkişaf etdirmək, onlara təhsildə lider olmağın əsas bacarıqlarını qazandırmaqdır. Rektor tələbələrə uğurlar arzulayıb, onlardan təşəbbüskar, yenilikçi və məsuliyyətli olmalarını, qarşılarına qoyduqları məqsədlərə inamla irəliləmələrini tövsiyə edib.
Görüşün davamında iştirakçılar fikir və təəssüratlarını bölüşüblər və onları maraqlnadıran sualları ünvanlayıblar.
Gün ərzində, həmçinin tanışlıq və ünsiyyət formalaşdırmaq və effektiv komanda dinamikası yaratmaq məqsədilə “Nə? Harada? Nə zaman?” formatlı intellektual oyun təşkil edilib. Sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev yarışmanı izləyib. Oyun maraqlı mübarizə şəraitində keçib.
Qeyd edək ki, yaxın günlərdə finalçılar üçün layihələrin yazılması və idarə edilməsi mövzusunda təlimin təşkili nəzərdə tutulub. Layihənin final mərhələsi may ayında keçiriləcək.