28 aprel 2025-ci ildə Mingəçevir Dövlət Universitetində (MDU) görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr olunan “Zərifə Əliyeva: Azərbaycan tibb elminin işıqlı səhifəsi” mövzusunda elmi konfrans keçirilib.
Tədbiri giriş sözü ilə açan MDU-nun rektoru Anar Eminov akademik Zərifə Əliyevanın həyat və fəaliyyətindən, onun Azərbaycan tibb elminin inkişafına verdiyi misilsiz töhfələrdən danışıb. Rektor həmçinin Zərifə xanım Əliyevanın yüksək insani keyfiyyətlərini, ictimai-siyasi fəaliyyətini və milli dəyərlərə sədaqətini xüsusi vurğulayıb.
Konfrans çərçivəsində akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Konfransda MDU-nun baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Səadət Ağakişiyeva “Akademik Zərifə Əliyeva – Ana, alim və xeyirxah şəxsiyyət”, MDU-nun baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Günel Yunusova “Zərifə Əliyevanın Azərbaycan tibb elminə töhfələri”, MDU-nun baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Aygün Qədirova “Zərifə və Heydər Əliyevlər: Əbədiyaşar məhəbbət”, MDU-nun baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Vüsalə Mövlayeva “Zərifə Əliyevanın xatirəsinin əbədiləşdirilməsi” mövzularında məruzələrlə çıxış ediblər.
Məruzələrdə akademik Zərifə Əliyevanın elmi fəaliyyəti, oftalmologiya sahəsində əldə etdiyi nailiyyətlər, cəmiyyətə göstərdiyi xidmətlər və onun əziz xatirəsinin müxtəlif sahələrdə əbədiləşdirilməsi istiqamətində görülən işlər geniş təhlil olunub.
Konfrans müzakirələrlə davam edib.
Sonda tədbir iştirakçıları Zərifə Əliyeva irsinin yeni nəsillər üçün dəyərli örnək olduğunu vurğulayıblar.