Mektebgushesi

Dərc olunub: 28.04.2025

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi, “Bir könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi və “STEAM Azərbaycan” layihəsinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Məktəbli könüllülərin yaz düşərgəsi”nin açılış mərasimi Zuğulba Tədris İdman Bazasında keçirilib.

Mektebgushesi.az xəbər verir ki, açılış mərasimindən əvvəl şagirdlər arasında qarşılıqlı tanışlığı və şəbəkələşməni təşviq etmək məqsədilə interaktiv tanışlıq oyunu təşkil edilib. Bu fəaliyyət məktəblilərin düşərgə mühitinə daha sürətli uyğunlaşmasına töhfə verib.

Mərasimdə Elm və Təhsil Nazirliyinin əməkdaşı Leyla Məmmədzadə çıxış edərək, yüzlərlə müraciət arasından seçilən iştirakçıları təbrik edib və onlara uğurlar arzulayıb.

Tədbir çərçivəsində düşərgənin təşkilatçıları iştirakçılara əsas qaydalar, fəaliyyət planı və ümumi prosedurlar barədə ətraflı məlumat verib.

Qeyd edək ki, “Məktəbli könüllülərin yaz düşərgəsi” layihəsi şagirdlərin bilik, bacarıq və sosial fəallıqlarını artırmağı, eyni zamanda gələcək liderlik keyfiyyətlərini formalaşdırmağı hədəfləyir.