50 İlin Işığında
Bakıdakı 257 saylı məktəbin həyatında unudulmaz bir gün yaşandı – təhsil ocağının 50 illik yubileyi möhtəşəm bir tədbirlə qeyd olundu. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri, Xətai rayonunun müxtəlif məktəblərinin direktorları, şəhid məzunların ailə üzvləri, “Məktəb Guşəsi” jurnalının baş redaktoru, uzun illər təhsilimizə xidmət etmiş təqaüdçü müəllimlər, əvvəlki illərin məzunları, eləcə də məktəbin hazırkı müəllim və şagird kollektivi iştirak edirdi.
Tədbir Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Ardınca məktəbin direktoru Ruslan Nağıyev tədbiri rəsmi olaraq açıq elan edərək yubiley münasibətilə xoş arzularını bildirdi, məktəbin keçdiyi şərəfli inkişaf yolundan bəhs etdi.
Tədbir boyu çıxışlar, xatirələr, yubiley təbrikləri və təhsil ocağımızın nailiyyətlərini əks etdirən təqdimatlar səsləndirildi. Şagirdlərin və müəllimlərin hazırladığı ədəbi-bədii kompozisiyalar isə tədbirə xüsusi rəng qatdı. Səhnələşdirilmiş çıxışlar, şeirlər və musiqi nömrələri iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.
Yubiley tədbirinin sonunda məktəbin müəllimlərinin ifasında səslənən “Cənnətim Qarabağ” mahnısı isə tədbirin emosional zirvəsi oldu, iştirakçılara unudulmaz anlar yaşatdı.
Bu əlamətdar gün bir daha sübut etdi ki, 257 saylı məktəb təkcə bilik ocağı deyil, həm də vətənpərvərliyin, birliyin və mədəni irsin yaşadıldığı müqəddəs bir məkandır.








