Dərc olunub: 26.04.2025

 

Əli Rza Xələfli: “Yazar hər əsərinin son nöqtəsini qoyanda düşünür ki, bu son nöqtə ona əzab verən tikanı ürəyindən çıxaracaq…”

Bakıda yerləşən orta məktəb kontingentlərinin düşüncə adamları, xüsusilə şair və yazıçılarımızla görüşləri ənənə halını almaqdadır. Bu görüşlər həm şagirdlərin ədəbi aləmdə baş verənlərlə tanışlığına, həm onların intellektual bazalarının təkmilləşməsinə, həm də də milli ruhda yazılmış bədii əsərlərdən elə bu xüsusda faydalanmalarına vəsilə olur. Belə görüşlərdən biri də paytaxtın Binəqədi rayon Binəqədi qəsəbəsində yerləşən 335 saylı tam orta məktəbdə şair-publisist, “Kredo” qəzetinin baş redaktoru Əli Rza Xələfli ilə keçirildi.

3 il öncə istifadəyə verilmiş, yeni üslubda inşa olunan, pedaqoq və şagird kontingentini komplektləşdirə-komplektləşdirə təhsil qurumları sırasında artıq öz yerini tutan məktəbdə Əli Rza Xələflini və onunla təşrif buyuran digər söz adamlarını kollektiv çox səmimi bir atmosferdə qarşıladı. Əvvəlcə qonaqlar məktəbdə yaranmış şəraitlə tanış oldular. Məktəbin direktoru Aynurə xanım Nəzərli dəhlizdə və kitabxanada yaradılmış göz oxşayan guşələr barədə məlumat verdikdən və pedaqoji heyəti qonaqlara təqdim etdikdən sonra akt zalında daha geniş tərkibdə toplanmış müəllim və şagirdlərlə görüş başlandı.

Aynurə Nəzərli: “belə görüşlər şagirdlərin həyat və təfəkkürlərində dərin iz buraxacaq”

Şair-publisist Əli Rza Xələfli ilə görüşü giriş sözü ilə açan məktəb direktoru Aynurə Nəzərli bir daha qonaqları və görüşə qatılmış bütün iştirakçıları salamladıqdan sonra belə görüşlərin Azərbaycanımızın gələcəyi olan şagirdlərin həyat və təfəkkürlərində dərin iz buraxacağını, burda öyrəndiklərinin bütün şüurlu həyatları boyu onları yaxşı mənada müşayiət edəcəyini, ən əsası onların vətənpərvərlik ruhunda tərbiyə alacağında müstəsna əhəmiyyət kəsb edəcəyini bildirdi. O, imkan daxilində belə effektiv görüşləri məktəbdə davam etdirməyin vacibliyini də xüsusi vurğuladı və tədbiri davam etdirmək üçün moderatorluğu jurnalist-publisist Nəzirməmməd Zöhrablıya həvalə etdi. N.Zöhrablı məktəbin təlim-tərbiyə işləri üzrə təşkilatçısı Şahanə Atakişiyevadan tədbir iştirakçılarına şair-publisist Əli Rza Xələfli barəsindəhazırlanmış slaydın ekranda nümayişi ilə eyni zamanda ədib haqqında olan məlumatları da çatdırmasını xahiş etdi. Məktəb kollektivi bu bilgilər əsasında daha yaxından öyrəndilər ki, şair-publisist Əli Rza Xələfli 1953-cü ildə Cəbrayıl rayonunun Xələfli kəndində anadan olub. 1975-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakultəsini fərqlənmə diplomu ilə bitirib. Elə həmin ildən də doğulduğu Cəbrayıl rayonunun Şahvəlli, Tatar və Aşağı Xələfli kəndlərində müəllim işləyib. Həmin illərdəki pedaqoji fəaiyyətinə görə “Qabaqcıl maarif xadimi” fəxri adına layiq görülüb.

1980-ci illərin əvvəlindən mətbuatda çalışmağa başlayıb. “Xudafərin”, “Qoşa qanad”, “Qarabağ”, “Həyat”, “Kredo” qəzetlərində xüsusi müxbir, şöbə müxbiri, şöbə müdiri, redaktor əvəzi və baş redaktor vəzifələrində işləyib.

            Tükənməz enerjidən doğulan 63 kitab

Ə.Xələfli həmçinin mətbuatda işləyə-işləyə bədii yaradıcılıqla məşğul olmağa başlayıb. Əvvəlcə onun ədəbi-publisistik yazıları və şeirləri müntəzəm şəkildə dövri mətbuatda çap olunub. Sonra şair-publisistin “Karvan körpüdən keçir”, “Baş daşımın yazıları”, “Sözə doğru”, “Ocağımın işığı”, “Həsrət körpüsü”, “Qiyamətdən bir gün əvvəl”, “Od” romanı, “Xəzanda yaz gülləri”, “Araz ağrısı”, “Həsrətdən üzü bəri”, “Bu dünyanın mehmanısan”, “Üçüncü dünyanın qorxusu”, “Arzulara dəyən güllə” və s. 63 adda kitabı çap olunub. Bununla yanaşı, o, onlarla kitabın redaktoru və ön sözünün müəllifidir. Eyni zamanda yaradıcılığı barədə 12 tədqiqat əsərinin, yüzlərlə publisistik qeydlərin işıq üzü gördüyü yazar  2002-ci ildə “Qızıl qələm” mükafatına,  2003-cü ildə “Məmməd Araz ali ədəbi mükafatı”na, 2004-cü ildə Azərbaycan Yazıçılar Birliyi bədii ədəbiyyatı təbliq bürosunun “Qılınc və qələm” yaddaş mükafatına, 2008-ci ildə “Beynəlxalq Rəsul Rza mükafatı”na, 2010-cu ildə “Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat mükafatı”na layiq görülüb. 1984-cü ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 2010-cu ildən Prezident təqaüdçüsüdür. 1999-cu ildən indiyədək müntəzəm çap olunan “Kredo” qəzetinin baş redaktorudur.

Əli Rza Xələfli yaradıcılığının başdan-başa vətənpərvərlik motivli poeziya və nəsr əsərlərindən ibarət olduğunu söyləyən N.Zöhrablı bunun əsas səbəbinin yazarın ruhunun bilavasitə vətənpərlik ovqatına bağlı olması ilə izah etdi. Yaradıcılığının əsas, ən məhsuldar dövrünün Qarabağ torpaqlarının, yurd yerlərimizin işğal altında olduğu, onun özü də daxil olmaqla soydaşlarımızın zorla doğma yurd-yuvalarından didərgin salındığı illərə təsadüf etməsinin də ədibin qələmini süngüyə çevirməsinə əhəmiyyətli təsiri olduğunu xüsusi vurğuladı. Bu illər ərzində Əli Rza Xələflinin ermənilərlə informasiya savaşında tarixi faktlara söykənən mətbuat yazıları, ölkə vətəndaşlarını vətənpərliyə səsləyən intəhasız bədii nəsr və poeziya nümunələri ortaya qoyduğunu söylədi. Qələmini süngüyə və vətənpərvərlik simvoluna çevirən ədibin ideya-tərbiyəsindən güc alan doğma ocağından pərvazlanmış iki nəvəsinin, daha bir neçə doğmasının Azərbaycanın 44 günlük Vətən, Zəfər savaşında şücaətlə iştirak etdiyini bildirdi. Sonra görüş-tədbirin mahiyyətinə uyğun olaraq onun “Gəl gedək Tanrı dağına” şeirindən bəzi parçaları söylədi.

        4-cü sinifdə oxuyan şair

Sonra söz şair-publisist Əli Rza Xələfliyə verildi. Ədib öncə şeirə, sənətə bu qədər coşqu, bu qədər həvəs göstərərək tədbirə qatıldıqlarına görə 335 saylı məktəbin bütün kollektivinə təşəkkür etdi. Sonra özünün ədəbiyyata, mətbuata gəlişinin detalları barədə təfsilatlı məlumatlar verdi, burda deyilən bütün fikirlərin gələcəyin fədakar azərbaycanlıları olacaq şagirdlərin yaddaşında özünə yer etməsinin vacibliyini, bu fikirlərin, şeirlərin onların milli ruhda tərbiyəyə köklənəcəyində son dərəcə tutarlı rol oynayacağını bildirdi. Şair bir neçə şeir parçası söyləyərək tədbirə xüsusi ahəng qatmış, canlanma yaratmış oldu.

Şairin geniş məzmunlu çıxışının ardınca məktəbin 7c və 9a sinif şagirdləri onun “Azərbaycan” və “Vətən nəğməsi” şeirlərini əzbərdən söylədilər.

Görüşün bir qədər də canlı və dinamik ovqatda davam etməsi üçün müəllim və şagirdlərə Ə.Xələfliyə sualla müraciət etmək imkanı yaradıldı. Məktəbin ibtidai sinif müəlliməsi Hürü Dərgahova “İlk dəfə yaradıcılığa nə vaxt başlamısız? Nə zaman hiss etdiniz ki, sizi narahat edən fikirləri vərəqlər üstünə tökməklə sakitləşərsiniz” deyə şairə müraciət etdi. Ə.Xələfli cavabında hələ 4-cü sinifdə oxuyarkən ilk yazısı ilə Cəbrayıl rayonunun yerli qəzetində çıxış etdiyini, bu yazıya görə ona kənd camaatının xüsusi rəğbətinin yarandığını, hətta qəzetdən ona qonorar göndərildiyini söylədi. Onu da dedi ki, uşaqlıq illərində yazını yazarkən hansı hisslər keçirdiyini dəqiq xatırlamasa da, məqaləsinin doğurduğu rezonansdan çox məmnun qaldığını və həmin vaxtdan da dostlarının, yaşıdlarının ona şair deyə müraciət etməyə başladıqlarını yaxşı xatırlayır.

“Dərsdə Sov.İKP tarixi, yataqxanada “Gülüstan”…”

Dil-ədəbiyyat müəlliməsi Səidə Abbaszadə “20 il əvvəl yazdıqlarınıza indiki yaş və təcrübəniz baxımından necə fərqli yanaşardınız? Şairlərdə təkamül bir qədər də fərqli formada inkişaf edir, hadisələrə yanaşma tərzi dəyişirmi”- sualı ilə hər bir insanın və xüsusilə düşüncə adamlarının yaşa dolduqca həyata, zamana, məkana münasibətinin necə dəyişməsi kimi fəlsəfi anlamların üstünə gəldi. Ə.Xələfli sualı Azərbaycanın xalqının bir təmsilçisi olaraq indiyədək yaşadığı təcrübəsindən qaynaqlanan qənaətini bölüşmək prizmasından cavablandırdı: “Bu xalq hansı taleyi, hansı yolu keçibsə, yaşayıbsa, mən də o yolu keçmişəm. Cavanlıqda insanın şüuruna bir inqilabi düşüncə hakim olur. Bax, burada da iştirak edən tələbə yoldaşlarımızla institutda bizə “partiya tarixi” (Sovet İttifaqı Kommunist Partiyası – red.), materializm kimi dərslər keçirilirdi. Biz bunları imtahan vermək xatirinə öyrənsək də, yataqxanaya gələndə hamısını bir kənara tullayıb Azərbaycanın Rusiyaya birləşdirilməsi, Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasının təhlili, dilimizi qorumağın vacibliyi və başqa bu kimi milli məsələlərdən danışırdıq. Şübhəsiz ki, hər bir insan kimi şair də, yazıçı da yaşa dolduqca fikirlərini püxtələşdirir, dərinləşdirir, ətrafı daha yaxşı və yaxından görüb duya və qiymətləndirə bilir”.

İngilis dili müəlliməsi İlahə Cəbiyeva “Hər yazarın yaradıcılığında bir şah əsəri olur. Bəs siz hansı əsərinizi şah əsər sayırsınız” – deyə soruşdu. Ədibin bu suala cavabı da çox maraqlı, yaddaqalan oldu: “Üzü ulu Nizami Gəncəvidən üzü bəri hər bir yazar istənilən əsərini yazıb son nöqtəsini qoymağa can atanda düşünür ki, bu son nöqtə ilə mütləq onun ürəyindəki, ona əzab verən tikan çıxmış olacaq. Lakin hər dəfə həmin tikanın hələ tam çıxmadığının şahidinə çevrilməli olur. Mən də fərqləndirməyə çətinlik çəkirəm. Yenə bütün hallarda “Bir Xələfli var idi” poemamın bütün dövrlər üçün aktual olacağına əminəm”.

“Kimsə “sözü ayağından asmaqla” fərqlənmək istəyir”

Digər ingilis dili müəlliməsi İradə Ələkbərova “Körpülərin sizin həyatınızda mənəvi baxımdan rolunun olduğu bu mövzuda çox sayda əsərlərinizdən bəllidi. Bəs yaxınlığında doğulub-boya başa çatdığınız tarixi Xudafərin körpüsü sizin üçün nədir” sualına cavabında Xudafərinin Azərbaycanın tarixi mədəniyyət abidəsi olması ilə yanaşı, onun üçün nisgil, ayrılıq rəmzi kimi ürəkdağlayan bir amilə çevrildiyini dedi. O, həmçinin uşaqlıq illərində Arazın o tayına həsrətlə baxaraq ordakı “dəvə karvanlarının kaş Xudafərindən adlayıb bu tərəfə keçə biləydilər” kimi heç zaman doğrulmayan istəyinin hələ də dipdiri yaşamasından üzüldüyünü söylədi.

İbtidai sinif müəlliməsi Ülviyyə Həsənzadənin “Müasir poeziya ilə klassik poeziyanın fərqi nədir? İndiki dövrdə klassik poeziya yaşayırmı” sualını da cavablandıran ustad şairimiz bu məsələyə bir qədər nəsillərarası münasibətlər kontekstində yanaşdı: “Klassik ənənə, modernizm, postmodernizm… Modernistlərin klassikianı, postmodernistlərin modernizmin özünü də belə inkar etməsi bir o qədər də arzuolunan deyil. Amma məsələ burasındadır ki, bu düşüncələr, bu yanaşmalar eksperiment səviyyəsindədir. Kimsə məsələn, “sözü ayağından asmaqla, sözün başına oyun açmaqla” fərqlənmək istəyir. Amma bu da faktdır ki, zaman-zaman varlığına qayıdılan klassik poeziyanın janrları indi də yaşayır və onlara müraciətlər olunur. Mən özüm də bir çox qəzəllərin, qəsidələrin müəllifiyəm”.

“Cəbrayıl şəhidləri” kitabından “Xələflinin poetikası”na qədər

Polemika şəraitində davam edən bu hissədən sonra söz filologiya elmləri üzrə fəlsəfə doktoru, “Xələflinin poetikası” tədqiqat əsərinin müəllifi Əkbər Əlioğluna verildi. Hələ tələbəlik illərindən Ə.Xələflini yaxşı tanıyan Əkbər müəllim şairin yaradıcılığı haqqında bir sıra vacib nüansları tədbir iştirakçılarının diqqətinə çatdırdı. Şairin dərin fikir qatlarına söykənən poeziyasının haqqında bir sıra elm, maarif xadimləri ilə yanaşı, özünün də təhlillər aparıb gözəl bir əsər yazdığından məmnunluq hissi keçirdiyini dedi.

Tədbirin moderatoru, şəhidlər haqqında iki, ümumilikdə yeddi kitabın müəllifi Nəzirməmməd Zöhrablı Əli Rza Xələflinin Qarabağ torpaqları və bu torpaqlar uğrunda canından keçən oğullarımıza həsr etdiyi konkret yazılardan, bədii və bədii-sənədli əsərlərdən də danışaraq onun Fuad Əsədov adlı tələbə şəhidin həyatından bəhs edən “Arzulara dəyən güllə” və digər əsərlərini misal gətirdi və sözü bu mövzuda danışmağa daha çox haqq edən şairin digər tələbəlik dostu, Qarabağ müharibəsinin qazisi, istefada olan polkovnik İsmayıl Həkimova verdi. İsmayıl müəllim şair dostunun vətənpərvərlik nidalı şeir və nəsr əsərlərini çox yüksək dəyərləndirdi, onun hələ Qarabağ savaşı başlamamış vətənpərvərlik ruhunda yazılar qələmə aldığını və şəxsən özünün də çox vətənpərvər bir insan olduğunu söylədi.  Onu da dedi ki, “Cəbrayıl şəhidləri” adlı ilk kitabın da müəllifi məhz Əli Rza Xələfli olmuşdur.

Tədbirin ən yaddaqalan hissələrindən biri isə yenidən şagirdlərin səhnəyə çıxıb şairin şeirlərini bədii qiraətlə ifa etmələri oldu. Bir növ onun vətənpərvərliyinin möhürü kimi səslənən “Savalandan gələn yol”, “Vəsiyyət” və “Vətən” şeirlərini məktəbin 6a və 7b sinif şagirdləri çox həvəslə söylədilər. Elə bu faktın özü şagirdlərin görüşdən daha çox faydalanacaqlarının göstəricisi idi.

Tədbirin sonunda məktəbin direktoru Aynurə Nəzərli bu gözəl görüşə görə şair Əli Rza Xələfliyə və onunla gələn qonaqlara təşəkkür etdi. Belə görüşlərin yeni açılmış 335 saylı məktəbin və bütün ölkə məktəblilərinin həyatına, gələcəyinə, onların milli ruhda tərbiyə almasına, maariflənməsinə çox müsbət təsir edəcəyini bildirdi və belə görüşləri davam etdirəcəklərini söylədi.

Görüş çox yüksək ovqatda Əli Rza Xələflinin müəllim və şagirdlərə kitablar imzalayaraq hədiyyə etməsi və xatirə şəkillərinin çəkilməsi ilə sonuclandı.