Aprelin 24-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
Tədbirdə millət vəkilləri, tanınmış ziyalılar, universitetin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən Filologiya fakültəsinin dekanı dosent Könül Həsənova çıxış edərək tədbir iştirakçılarını salamlayıb və tədbirin Qərbi Azərbaycan ruhunda, Aşıq Ələsgər nəfəsində keçirildiyini vurğulayıb.
ADPU-nun rektoru professor Cəfər Cəfərov çıxışında Aşıq Ələsgərin irsini təkcə poeziya deyil, milli yaddaşın bir daşıyıcısı kimi qiymətləndirib. Rektor bildirib ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti milli irsə sadiq qalaraq gənclərin milli-mənəvi dəyərlər ruhunda yetişdirilməsini daim diqqətdə saxlayır.
Beynəlxalq əlaqələr üzrə prorektor professor Mahirə Hüseynova Aşıq Ələsgərin təkcə böyük söz ustadı deyil, həm də Qərbi Azərbaycanın yaddaşını, dərdini, sevincini, torpaq həsrətini sazı ilə, sözü ilə bir millətin ruhuna hopduran milli kimlik rəmzi olduğunu qeyd edib.
Sonra Filologiya fakültəsinin Ədəbiyyat kafedrasının professoru Mahmud Allahmanlı “Aşıq Ələsgər lirikasının ideya və məzmun xüsusiyyətləri”, kafedranın dosenti Qüdrət Umudov isə “Aşıq Ələsgər irsinin nəşri və tədqiqi tarixindən” mövzusunda məruzələrlə çıxış ediblər.
Çıxış edənlərdən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli, Milli Məclisin deputatı Qaya Məmmədov, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya Komitəsinin sədri Sadiq Qurbanov, “Dədə Ələsgər” İctimai Birliyinin sədri Xətai Ələsgərli Aşıq Ələsgərin təkcə bir aşıq deyil, həm də milli ruhun, azərbaycançılıq düşüncəsinin canlı daşıyıcısı olduğunu xüsusi vurğulayıblar.
Tədbirin bədii hissəsində ADPU-nun hazırlıq kurslarında təhsil alan əcnəbi tələbələr professor Mahirə Nağıqızının “Mənim çəkmələrim” hekayəsini səsləndiriblər. Milli rəqslər və Aşıq Ələsgərə həsr olunmuş poetik nümunələrdən ibarət bədii kompozisiyalar nümayiş etdirilib.