Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin (MQİM) nümayəndə heyəti Dövlət İmtahan Mərkəzinin (DİM) fəaliyyəti ilə yaxından tanış olmaq məqsədilə ölkəmizə səfər edib. Aprelin 24-dən 27-dək davam edəcək səfərin əsas məqsədi qurumlar arasında fəaliyyət istiqamətlərinə uyğun təcrübə mübadiləsi aparmaq və daha əvvəl tərəflərin imzaladığı anlaşma memorandumunun müddətinin uzadılmasından ibarətdir.
Mektebgushesi.az xəbər verir ki, səfər çərçivəsində Dövlət İmtahan Mərkəzində İdarə Heyətinin sədri Məleykə Abbaszadə və MQİM-in direktoru Nino Tseretelinin iştirakı ilə hər iki təşkilatın nümayəndələri arasında görüş keçirilib.
Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Mərkəz tərəfindən həyata keçirilən işlər haqqında danışıb. O bildirib ki, DİM-in sistemi bütün növ imtahanlar üçün xüsusi olaraq yaradılmış avadanlıq, proqram təminatı və metodologiyanı özündə birləşdirən dəqiq işləyən mexanizmdir: “Uzun illərdən bəri tətbiq olunan və bütün imtahan prosesini avtomatlaşdırmağa imkan verən açıq sosiotexniki sistemin əsas mahiyyəti ondan ibarətdir ki, qərar qəbul edən şəxs yalnız texnoloji, metodiki və texniki cəhətdən bu imkana malik olsun və onun qərarı konkret şəxsin nəticəsinə təsir göstərə bilməsin. Həmçinin kütləvi proseslərin idarə olunması zamanı qərarların qəbulu prosesi sistematik və ardıcıl qaydalar – alqoritmlər vasitəsilə həyata keçirilir. Biz beynəlxalq standartlar əsasında qiymətləndirmə aparmaqla Azərbaycanda təhsil və dövlət idarəetməsi xidmətlərinin keyfiyyətinin artırılmasına töhfə veririk”.
DİM-in ölkəmizdə informasiya kommunikasiya texnologiyalarını kütləvi proseslərin idarə olunmasına tətbiq edən ilk dövlət qurumu olduğunu xatırladan sədr imtahan prosesinin əksər mərhələlərinin avtomatlaşdırılmasına nail olunduğunu söyləyib. Bundan əlavə, DİM-in elektron imtahanlar korpusunun istifadəyə verilməsi biliyin qiymətləndirilməsi prosesinin rəqəmsallaşdırılması istiqamətində atılan ilk addım kimi qiymətləndirilib və orada yaradılan innovativ platforma, xüsusi proqram təminatı və texnoloji infrastruktur vasitəsilə binadan kənarda da bütün ölkə üzrə elektron imtahanların keçirilməsinə imkan yaradıldığı vurğulanıb.
Daha sonra çıxış edən MQİM-in direktoru Nino Tsereteli DİM-in fəaliyyəti ilə yaxından tanış olmaq üçün yaradılmış imkana görə təşəkkürünü bildirib və burada tətbiq olunan innovativ həllərin onların fəaliyyəti üçün də faydalı ola biləcəyini qeyd edib.
Görüşdə, həmçinin qurumlar arasında ilk dəfə 2020-ci ildə imzalanmış Azərbaycan və gürcü dillərində dilin qiymətləndirmə alətlərinin hazırlanması və təkmilləşdirilməsinə dair anlaşma memorandumu çərçivəsində aparılmış işlərdən məmnunluq ifadə olunub və yeni əməkdaşlıq istiqamətlərinin nəzərdə tutulduğu memorandumun imzalanması məqsədəuyğun hesab edilib. Xatırladaq ki, memorandum çərçivəsində Azərbaycan və gürcü dili fənləri üzrə müxtəlif imtahanlarda istifadə olunan test tapşırıqlarının qarşılıqlı nəzərdən keçirilməsi və təkmilləşdirilməsi işləri aparılır.
Görüşdən sonra Gürcüstanın nümayəndə heyəti DİM-in inzibati binasında yerləşən milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzey, imtahan materiallarının hazırlandığı qapalı zona, həmçinin onların avtomatlaşdırılmış çapı sistemi ilə tanış olub.
Qonaqlar “Sual Kitabçalarının Rəqəmsal Hazırlanması və Auditi Sistemi” haqqında məlumat verilib. Bildirilib ki, 2012-ci ildən etibarən çap edilən imtahan materiallarının keyfiyyətini yüksəltmək, sual kitabçalarını fərdiləşdirmək, yəni sual kitabçasını hər bir iştirakçının adına çap etmək, insan müdaxiləsi tələb etməyən, tam avtomatlaşdırılmış çap həlli vasitəsilə imtahan materiallarının təhlükəsizliyini təmin etmək məqsədilə bu layihənin tətbiqinə başlanılıb. Bu layihə DİM-in keçirdiyi bütün növ imtahanlarda hər bir imtahan iştirakçısı üçün fərdi sual kitabçalarının hazırlanmasına imkan verir. Bu sistem imtahan iştirakçısının sual kitabçasının heç bir texniki səhv olmadan çap olunmasına və kitabçanın həmin şəxsin imtahan verəcəyi zalın zərfinə qoyulmasına təminat verir”.
Xatırladaq ki, qonaqlar aprelin 25-də Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunu ziyarət edəcəklər və orada imtahan iştirakçıları üçün yaradılan şəraitlə tanış olacaqlar. Həmçinin DİM-in təcrübəsinin qarşı tərəflə paylaşılması məqsədilə Mərkəzin aidiyyəti struktur bölmələri tərəfindən müxtəlif təqdimatlar ediləcək. Aprelin 27-də isə qonaqlar ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanını müşahidə edəcəklər.


