Aprelin 23-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Strateji İnkişaf Mərkəzi (ADPU SİM) tərəfindən həyata keçirilən “Peşəkar təcrübə proqramı”nın I çağırışının bağlanış mərasimi keçirilib.
Tədbirdə ADPU-nun rektoru professor Cəfər Cəfərov,sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev, strateji inkişaf məsələləri üzrə prorektor Könül Pirverdiyeva, mərkəzin əməkdaşları və proqramın məzunları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru professor Cəfər Cəfərov qeyd edib ki, müasir dövrdə təhsil prosesinin yalnız nəzəri biliklərlə məhdudlaşmaması, tələbələrin real iş mühitində praktiki təcrübə qazanması son dərəcə vacibdir. Pedaqoji Universitet tələbələrin peşəkar bacarıqlarının inkişafını, onların əmək bazarına daha hazırlıqlı şəkildə daxil olmasını daim diqqət mərkəzində saxlayır.
Strateji inkişaf məsələləri üzrə prorektor Könül Pirverdiyeva çıxışında diqqətə çatdırıb ki, “Peşəkar təcrübə proqramı” tələbələrin real iş mühitində praktiki bilik və səriştələr əldə etməsi üçün yaradılan proqramdır. Bu proqram tələbələrə nəzəri biliklərini tətbiq etmək, peşəkar əlaqələr qurmaq və gələcək karyeralarına hazırlıq imkanı verir. Eyni zamanda məsuliyyət, komanda işi və ünsiyyət bacarıqlarının inkişafına kömək edir.
Daha sonra proqramın məzunları öz təəssüratlarını bölüşüblər.
Sonda məzunlara təcrübə proqramını uğurla tamamladıqlarına dair şəhadətnamələr təqdim olunub.
Qeyd edək ki, “Peşəkar təcrübə proqramı” ADPU-nun Elmi Şurasının 30 yanvar 2024-cü il tarixli qərarı ilə təsdiqlənmiş “Azərbaycan Dövlət Pedaqoji Universitetinin struktur bölmələrində peşəkar təcrübə proqramının təşkili” Qaydasına əsasən həyata keçirilir. Proqram ADPU-da magistratura və doktorantura səviyyəsində təhsil alan və ya almış şəxslər üçün nəzərdə tutulub və könüllü əsaslarla təşkil olunur. 3 ay müddətində təşkil olunan proqramın məqsədi tələbələrin real iş mühitində analitik düşünmə, problem həll etmə, təşkilatçılıq, komanda ilə iş və digər mühüm səriştələrini inkişaf etdirməkdir.
60-dan çox şəxsin müraciət etdiyi proqramın müsahibə mərhələsindən keçən 7 iştirakçıdan 5 nəfəri təcrübəni uğurla tamamlayıb.