Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunun əməkdaşları Bakıda “GLC International Education Fair” şirkətinin təşkil etdiyi Beynəlxalq Təhsil Sərgisində iştirak ediblər.
ADU-dan bildirilib ki, çinli müəllimlər sərgi iştirakçılarına Konfutsi İnstitutunun fəaliyyəti, Çin dili kursları, institutun Çinin aparıcı universitetləri ilə semestr və illik tələbə mübadiləsi proqramları haqqında geniş məlumat veriblər.
Konfutsi İnstitutunun stendində Çin dilinin tədrisində ən müasir texnologiyaların tətbiqi nümayiş olunub. İştirakçılar Konfutsi İnstitutunun maddi-texniki bazası və elmi tədqiqatları, həmçinin institutun nəşr etdiyi metodiki vəsaitlər və proqramlar, milli Çin dili dərslikləri ilə tanış olublar. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan-Çin əlaqələrinin inkişafı istiqamətində fəaliyyətinə həsr olunmuş Çin dilində kitablar xüsusi maraq doğurub.
Sərgi iştirakçıları ADU-nun partnyoru olan Çinin Huçjou Universitetinə qəbul şərtləri, universitetin fakültələri, ixtisasları, yaşayış şəraiti və təqaüdləri ilə də tanış olublar. Bundan əlavə, Konfutsi İnstitutunun stendində ADU-nun təhsil sahəsində əməkdaşlığa, o cümlədən müəllim və tələbə mübadiləsinə dair müqavilələr bağladığı Çinin aparıcı universitetlərində bakalavr, magistratura, təcrübə və təlim proqramları, ərizələrin doldurulması qaydaları haqqında məlumatlar təqdim olunub.
ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Azərbaycan gənclərinin Çin dilinə və mədəniyyətinə marağının artdığını qeyd edərək, “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın qəbul edilməsinin vacibliyini vurğulayıb. Bu sənəddə dil mübadiləsi sahəsində əməkdaşlığın inkişafı, iki ölkənin təhsil müəssisələrində Çin və Azərbaycan dillərinin tədrisinin təşviqi ilə yanaşı, Konfutsi institutlarının inkişafının dəstəklənməsinə də böyük əhəmiyyət verilir.
Rafiq Abbasov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yaxın zamanda Çinin Sinxua agentliyinə eksklüziv müsahibəsində Konfutsi İnstitutunun tərəfdaşı olan Azərbaycanın bir sıra ali təhsil müəssisələrində Çin dilinin tədrisini də qeyd etdiyini xatırladıb.



