Dərc olunub: 23.04.2025

Aprelin 23-də Bolqarıstanın Neofit Rilski adına Cənub-Qərb Universitetinin rektoru, professor Nikolay Marinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olub.

Səfər çərçivəsində ADNSU-nun rektoru, dosent Rüfət Əzizovla görüş keçirilib. Görüş zamanı tərəflər iki universitet arasında təhsil və elmi sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Əsas müzakirə mövzuları tələbə və müəllim mübadiləsi proqramlarının yaradılması, birgə elmi-tədqiqat layihələrinin icrası və ikili diplom proqramlarının həyata keçirilməsi olub.

Dosent Rüfət Əzizov qonaqları salamlayaraq universitetin tarixi, müasir təhsil imkanları və beynəlxalq əməkdaşlıq strategiyası haqqında məlumat verib. O, Bolqarıstan universiteti ilə əlaqələrin genişləndirilməsinin ADNSU üçün əhəmiyyətli olduğunu qeyd edib.

Professor Nikolay Marin öz növbəsində rəhbərlik etdiyi ali təhsil müəssisəsi barədə məlumat verib və ADNSU-nun elmi potensialını yüksək qiymətləndirib. O, belə bir universitetlə əməkdaşlıq əlaqələrinin qurulmasının hər iki tərəf üçün faydalı olacağına inandığını bildirib.

Görüşün sonunda ADNSU ilə Cənub-Qərb Universiteti arasında əməkdaşlığın hüquqi əsasını təşkil edən əməkdaşlıq memorandumu imzalanıb.

Səfər çərçivəsində qonaqlar ADNSU-nun Tarix və Mineralogiya muzeyi, kompüter otaqları və laboratoriyaları ilə də tanış olublar. Onlara universitetin maddi-texniki bazası və təhsil infrastrukturu barədə ətraflı məlumat verilib.