Məktəblilərarası fənn müsabiqələri və Lütfi Zadə adına Riyaziyyat-məntiq olimpiadasının yarımfinal turu üzrə buraxılış vərəqələrinin əldə edilməsi prosesinə başlanılır.
Mektebgushesi.az xəbər verir ki, 27 aprel tarixində Məktəblilərarası fənn müsabiqələri və Lütfi Zadə adına Riyaziyyat-məntiq olimpiadasının yarımfinal turu təşkil ediləcək. Yarımfinal turunda iştirak etmək üçün şagirdlər 21 aprel saat 15:00-dan etibarən buraxılış vərəqələrini əldə edə bilərlər.
Buraxılış vərəqələrinin yüklənməsi prosesi https://portal.edu.az/ platforması vasitəsilə həyata keçiriləcək. Buraxılış vərəqəsi əldə etməkdə problem yaşayan şagirdlərin təhsil aldıqları ümumi təhsil müəssisələri və ya yerli təhsil idarəetmə orqanlarına müraciət etmələri xahiş olunur. Məktəblilərarası fənn müsabiqələri və Lütfi Zadə adına Riyaziyyat-məntiq olimpiadasının yarımfinal turunda şagirdlərə müvafiq istiqamət üzrə 25 qapalı sual təqdim ediləcək.
Bildirilir ki, müsabiqələrin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onlarla məqsədyönlü işlərin aparılmasından ibarətdir.