Aprelin 19-da Azərbaycan Respublikası Təhsil Cəmiyyəti İctimai Birliyinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə Nizami Kino Mərkəzində “Müasir təhsil sistemində dəyərlərin təbliği” mövzusunda II Milli Təhsil Zirvəsi keçirilib.
Mektebgushesi.az xəbər verir ki, zirvədə Azərbaycanın müxtəlif bölgələrindən 250-yə yaxın müəllim iştirak edib.
Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi yad edilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri açan Azərbaycan Respublikası Təhsil Cəmiyyəti İdarə Heyətinin sədri Murad Ağalarov Birliyin əsas məqsədinin respublikada fasiləsiz təhsilin həyata keçirilməsinə, təlim-tərbiyənin yüksəldilməsinə yardım göstərmək olduğunu bildirib. O, Birliyin 35 illik fəaliyyəti dövründə onlarla layihəyə imza atdığını, çoxsaylı yerli və beynəlxalq konfransların, simpoziumların, forumların, seminarların keçirildiyini nəzərə çatdırıb, Milli Təhsil Zirvəsinin bundan sonrakı illərdə də fəaliyyətini uğurla davam etdirəcəyinə inamını ifadə edib, tədbirin işinə uğur arzulayıb.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İdarə Heyətinin sədr müavini Mirzə Cəfərzadə Zirvə iştirakçılarını və qonaqları salamlayıb, bundan sonra da belə tədbirlərin keçirilməsinə dəstək olacaqlarını bildirib.
Məruzəçilər – Milli Məclisin Elm və Təhsil Komitəsinin sədr müavini, millət vəkili Fariz İsmayılzadə, millət vəkili Mehriban Vəliyeva, professor Fərrux Rüstəmov, tibb üzrə fəlsəfə doktoru İkram Rüstəmov xalqımızın həssaslıqla yanaşdığı, qoruyub saxladığı, yaşatdığı və təbliğ etdiyi milli xüsusiyyətlər, adət-ənənələrin, milli-mənəvi dəyərlərin metodikanın tərkib hissəsinə çevrilməsi istiqamətində vahid konsepsiyanın vacibliyi, təhsil sahəsində tətbiq edilən yeniliklər, təhsil islahatları, təhsildə psixoloji xidmətin aparılması istiqamətində məruzələrlə çıxış ediblər.
Sonra Türkiyə Cümhuriyyətindən Zirvəyə dəvət olunmuş qonaqlar – Niğde Ömer Halisdemir Universitetinin rektoru professor Hasan Uslu, İzmir Yaşar Universitetinin prorektoru Hasan Atasoy, “Study in North Cyprus” Assosiasiyasının təsisçisi Selman Arslanbaş, Ankara Atılım Universitetinin Beynəlxalq əlaqələr üzrə direktoru Özgün Özgər təhsilin inkişaf etdirilməsi istiqamətində dəyərli fikirləri ilə tədbirə rəng qatıblar.
Daha sonra “Vətən naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, şəhid anası Tünzalə Abduləlimova çıxış edib. Qeyd edib ki, xalqımızın ən böyük dəyəri Azərbaycan torpağıdır, bu torpağın bütövlüyü uğrunda canlarından keçmiş Vətən oğullarının yetişdirilməsi təhsil müəssisələrinin qarşısında dayanan vacib məsələlərdəndir. O, Vətənə sədaqətli, milli-mənəvi dəyərlərə hörmətlə yanaşan gəncliyin yetişməsi istiqamətində aparılan işlərdə müəllimlərə uğur diləyib, tədbirin təşkilatçılarına dərin minnətdarlığını bildirib.
Sonda VII Muğam müsabiqəsinin diplomantı, xanəndə Mehranə Vəliqızının ifasında “Çırpınırdı Qara dəniz”, “Yaşa Azərbaycan” mahnıları səsləndirilib.






