“Bakı Metropoliteni” QSC-nin rəhbərliyi “Sabahın alimləri” respublika müsabiqəsində “Fizika və astronomiya” nominasiyası üzrə qalib gəlmiş məktəblilərlə görüş keçirib.
“Azərbaycan müəllimi” xəbər verir ki, görüşdə Nərimanov rayonu məktəb-lisey kompleksinin 10-cu sinif şagirdləri – Nigar Səfərova və Şərif Şərifzadə iştirak ediblər. Onların “Smart Metro” layihəsi müsabiqənin münsiflər heyətinin və iştirakçıların böyük marağına səbəb olub, şagirdlər qızıl medalla təltif edilərək ABŞ-də baş tutacaq analoji beynəlxalq yarışmaya vəsiqə qazanıblar.
Tədbir çərçivəsində “Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov şagirdlərlə birgə innovativ texnologiyaların metroda tətbiqi, ağıllı idarəetmə sistemləri və kinetik enerji konsepsiyaları barədə müzakirələr aparıb. Gənc tədqiqatçılar öz layihələrinin ideyalarını və gələcək planlarını rəhbərliklə bölüşüblər.
Vüsal Aslanov gənc alimlərin əldə etdikləri uğuru yüksək qiymətləndirərək onların intellektual potensialı və təşəbbüskarlığı ilə qürur duyduğunu bildirib, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.
Görüşün sonunda qaliblərə “Bakı Metropoliteni” QSC-nin dəyərli hədiyyələri təqdim olunub və xatirə şəkilləri çəkdirilib.

