Məlum olduğu kimi, Böyük Britaniyanın “QS Quacquarelli Symonds” şirkəti tərəfindən hər il dünya universitetlərinin müxtəlif istiqamətlərdə fəaliyyətini qiymətləndirən “QS Stars” beynəlxalq reytinq qiymətləndirməsi aparılır. “QS Stars” reytinq sistemi universitetlərin güclü və inkişaf etdirilməsi zəruri olan sahələrini müəyyən etməyə dəstək olmaqla onların qlobal səviyyədə tanınmasına töhfə verir.
Cari ilin əvvəlindən Azərbaycanın 3 ali təhsil müəssisəsi – Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Texniki Universiteti “QS Stars” qiymətləndirməsində maksimal 5 ulduz (“mükəmməl”) ilə qiymətləndirilib. Bununla da universitetlərimiz ölkəmizin ali təhsil sisteminin beynəlxalq miqyasda nüfuzunun möhkəmlənməsinə və rəqabətqabiliyyətliliyinin artmasına öz töhfələrini veriblər.
5 ulduz kimlərə verilir?
Məlumdur ki, düzgün universitet seçimi bir çoxları, xüsusən də ali təhsil həyatına başlayanlar üçün mühüm mərhələdir. “QS Stars” bu mənada gənclərin universitet seçimində yollarını işıqlandıra bilər. Bəs bu Ulduz reytinqləri həqiqətən nə deməkdir?
Universitetlər “QS Stars” qiymətləndirməsində iştirak etdikdə, onlar bir sıra kateqoriyalar üzrə qiymətləndirilir. Onlar hər bir kateqoriyada birdən beşə qədər “QS ulduzları” və nailiyyətlərini ifadə edən reytinq nişanı alırlar. Onlara dünya reytinqindəki mövqeləri və digər ilkin qlobal standart şərtlər nəzərə alınaraq birdən beşə ümumi QS ulduzları təqdim olunur.
Beş ulduz+: görkəmli
Bu reytinqə malik universitetlər hər bir kateqoriyada ardıcıl olaraq müstəsna performans nümayiş etdirərək mükəmməlliyin üzərinə çıxırlar. Tələbə məmnuniyyətindən tutmuş qabaqcıl tədqiqatlara qədər bu ulduz reytinq ali təhsil üçün qızıl standartı müəyyən edir. Bu universitetlər aparıcı işəgötürənlər tərəfindən çox axtarılan məzunlar yetişdirir. Qabaqcıl tədqiqatları, yenilikçi işləri və biliyin sərhədlərini genişləndirən güclü əməkdaşlıqları ilə güclü bir sütun təşkil edirlər. Akademiklərdən başqa, bu qurumlar davamlılıq, inklüzivlik və innovasiyaya üstünlük verərək öz icmalarına dərin bağlılıq nümayiş etdirirlər.
Beş ulduz: mükəmməl
Beynəlxalq İnnovasiya mərkəzləri kimi tanınan və ən son texnologiya ilə təchiz olunmuş bu universitetlər qlobal problemlərin həllinə yönəlmiş hərtərəfli tədqiqatların aparılmasına şərait yaradır. Dünyanın hər yerindən aparıcı müəllimlər tələbələrin öz sahələrində ən yaxşı mütəxəssislərdən öyrənmələrini təmin edərək təcrübələrini tədris prosesinə gətirirlər. Elit mənbələrin və müəllimlərin bu birləşməsi dünyanın aparıcı işəgötürənləri tərəfindən həvəslə işə götürülən məzunların yetişdirilməsinə imkan verir.
Dörd ulduz: çox yaxşı
Dörd ulduzlu universitet yüksək standartlarına görə artıq beynəlxalq tanınmağa nail olub. Bu reytinqə layiq görülən qurumlar qabaqcıl öyrənmə və inkişaf üçün müxtəlif mühit yaradaraq dünyanın hər yerindən tələbələri və müəllimləri cəlb edir.
Üç ulduz: yaxşı
Bu reytinqə malik universitetlər keyfiyyətli tədris təqdim edir, işəgötürənlər tərəfindən tələb olunan məzunlar hazırlayır. Onlar beynəlxalq təhsil standartlarına cavab vermək üçün fəal işləyirlər, hətta qabaqcıl tədqiqatlarla məşğul olurlar və yeni tədris metodlarını araşdırırlar. Hələ yüksək pillədə olmasa da, bu universitetlər gələcək inkişaf üçün yüksək potensialı olan doğru yoldadırlar.
İki ulduz: orta
İki ulduz ilə təltif olunan universitetlər öz ölkələrində möhkəm reputasiya yaradıblar. Onlar müxtəlif sahələr üzrə tədqiqatlar apararaq öz imkanlarını inkişaf etdirirlər.
Bu qurumlar öz yerli icmalarında əsas rol oynayır, təhsil imkanlarını təmin edir və regional inkişafı dəstəkləyir. Onlar həmçinin beynəlxalq miqyasda əhatə dairələrini genişləndirmək, xaricdə tərəfdaşlıq və əməkdaşlıqları araşdırmaq barədə düşünməyə başlayırlar.
Bir ulduz: qənaətbəxşdir
Bu universitetlər tələbələrinə keyfiyyətli təhsil vermək üçün zəmin yaradıblar. Onlar akademik səyahətləri üçün möhkəm zəmin təmin etmək məqsədilə ixtisaslı müəllim heyəti və öyrənmə resursları kimi vacib komponentlər yaradıblar. Onlar çox vaxt son 20 il ərzində yaradılan yeni qurumlar olsalar da, bir çoxları öz daxili reputasiyalarını fəal şəkildə qururlar. Bu, o deməkdir ki, əgər siz bu ali məktəbi seçmiş olsanız, yüksələn bir universitetin bir hissəsi olacaqsınız, onun gələcəyini formalaşdıracaqsınız və böyüməsinə töhfə verəcəksiniz.
5 ulduz reytinqini necə əldə etmək olar?
Beş ulduz səviyyəsinə çatmaq üçün universitetlərin bu nişana uyğun olması lazım olan bir neçə tələb var.
Universitetlər ulduz reyinqində yer almaq üçün aşağıdakı üstünlüklərə malik olmalıdırlar:
* QS reyinqində 1000 baldan ən azı 700 bal top toplamalıdırlar,
* Müəllimlərin ən azı 5%-i əcnəbi olmalıdır,
* Tələbələrin ən azı 5%-i əcnəbi olmalıdır,
* “Təhsil mühiti” kateqoriyasında 70 və daha çox bal toplamalıdır,
* “Məşğulluq” kateqoriyasında 85 və daha çox bala sahib olmalıdır,
* “Elmi araşdırmalar” kateqoriyasındakı qiymətləndirmə halında-150 akademik istinad və ya hər müəllim üçün üç sitat olmalıdır,
* “Akademik” inkişaf kateqoriyasında qiymətləndirmədə ali məktəb tədris kateqoriyasında 105 bal toplamalıdır.
Əlavə edək ki, 5+ ulduz reytinqinə daxil olmaq üçün qurumlar bütün kateqoriyalar üzrə 5 ulduzlu (“mükəmməl”) reytinqlərə çatmalı, 5 ulduz üçün bütün ilkin tələbləri yerinə yetirməli, 900 və ya daha çox bal toplamalıdır.
Metodologiya
“QS Stars” üçün istifadə olunan metodologiya universitetləri ən azı səkkiz kateqoriyada onlarla göstərici üzrə qiymətləndirir, məsələn, akademik və tədqiqat mükəmməlliyi, innovasiya, beynəlmiləlləşmə, universitet infrastrukturu (kampus), məzunların işə qəbulu, inklüzivlik və s. Qiymətləndirmədən sonra universitetlərə qiymətləndirmə nəticəsində alınan balların sayından asılı olaraq 0-dan 5 ulduza qədər olan ümumi ulduz balı verilir. “QS Stars” metodologiyasına uyğun olaraq, universitetlər dörd əsas kateqoriya üzrə qiymətləndirilir.
“Tədris” kateqoriyasında universitetlər sübut etməlidirlər ki, onların müəllim-tələbə nisbəti 10%-dir, yəni hər 10 tələbə üçün bir müəllim var. Bundan başqa, universitetlər ümumi tələbə məmnuniyyətini (minimal qiymət almaq üçün 75% və ya ən az 50%) və ya ümumi akademik performans (tələbələrin 90%-i universiteti gözlənilən vaxt çərçivəsində bitirməlidir, bu rəqəm ən azı 60%-ə qədər ola bilər) nümayiş etdirməlidirlər. Doktorluq dərəcəsi olan müəllimlərin sayı və ya ona ekvivalent dərəcələr 80% (60%-ə qədər azaldılıb) təşkil etməlidir. Məzunların 30%-nin ali təhsili başa çatdırdıqdan sonra 12 ay ərzində elmi-tədqiqatlarlarını davam etdirməsi də dəyərləndirilir.
“Məşğulluq” kateqoriyası QS-ə xas olan kriteriyadır, çünki QS məşğulluğu özündə ehtiva edən yeganə beynəlxalq reytinq təminatçısıdır. QS ulduz reytinqinin əsas komponentlərindən birini təşkil edən illik QS Qlobal İşəgötürən Sorğusunu həyata keçirir. Universitetlər işəgötürən təşkilatların 12 ay ərzində ali məktəbin kampusinda keçirilən məşğulluq tədbirlərində iştirakını təmin etməlidirlər. Məzunların 90%-nin ali məktəbi bitirdikdən sonra 24 ay ərzində işlə təmin olunması üçün universitetlər güclü məzun məşğulluq dərəcəsi nümayiş etdirməlidirlər. Universitetlər məzunlar üçün məşğulluq təlimləri və ya CV-lərin hazırlanmasına kömək etməlidir. Kampusda 12 ay ərzində ən azı bir iş yarmarkası təşkil olunmmalı, vakansiyalar və karyera məsləhətləri sessiyaları təşkil olunmalıdır.
“Beynəlmiləlləşmə” kateqoriyasında universitetlər digər ali təhsil müəssisələri ilə 50 birgə diplom proqramı nümayiş etdirməli və ya son 6 ildə “Scopus”da yer almış elmi məqalələrə yol açan birgə universitet tədqiqatlarında əməkdaşlıq etməlidirlər. Qurumlar 25% beynəlxalq müəllim və 25 faiz əcnəbi tələbə heyətinə malik olduqlarnı nümayiş etdirməlidirlər. Onlar həmçinin xaricə gedən və gələn tələbələrin ən az 2%-nin üç ay və ya daha uzun müddətə beynəlxalq mübadilə proqramlarında iştirakına diqqət yetirməlidirlər. Universitetlər, eyni zamanda, ən azı bir əməkdaşın çalışacağı beynəlxalq tələbə dəstək mərkəzi yarada bilər.
“Tədqiqat” kateqoriyası universitetlərə aşağıdakı tələblər də daxil olmaqla elmi “tədqiqat” və ya “akademik inkişaf” çərçivəsində qiymətləndirilmək istədikləri sahəni seçməyə imkan verir:
Tədqiqat:
* Son beş ildə “Scopus”da indeksləşdirilmiş jurnalda hər bir müəllim üçün yeddi məqalə,
* Son altı ildə “Scopus”da indeksləşdirilmiş məqaləyə səkkiz sitat,
* Ötən maliyyə ilində ali məktəbin vəsaitinin 30%-nin elmi-tədqiqatlara ayrılması (bu göstərici 10%-ə endirilib).
Akademik inkişaf
* Tələbələrin 30%-i tədris və ya elmi-tədqiqatlarda köməkçi kimi iştirak edir (10%-ə endirilib),
* Üç tam ştatlı işçi ilə təlimin inkişafı mərkəzi,
* Müəllimlərin iş vaxtının sinif məşğələlərinə həftəlik nisbətinin 3:3 olması,
* Müəllimlərin ümumi sayının 70%-nin ixtisasartırma proqramlarında iştirak etməsi (30%-ə endirilib),
* Bir sıra beynəlxalq, milli və regional universitet şəbəkələrində təmsil olunma.
Nəticə
“QS Stars” reytinqinə bir sıra digər amillər daxil olsa da, bəhs olunanlar universitetin qiymətləndirilməsində bilmək istədiyimiz əsas meyarlardır. Beləliklə, “QS Stars” reytinqi universitetə hansı üstünlükləri verə bilər?
* Marketinq materiallarında və potensial tələbələrlə ünsiyyətdə göstərilə bilən sübuta əsaslanan marketinq aləti,
* Müəyyən edilmiş zəifliklər və qeyd olunmuş imkanlarla təkmilləşdirmə çərçivəsi,
* Güclü tərəflərinizi nümayiş etdirmək və onların universitetin QS-də yer almasına necə töhfə verdiyini ətraflı təhlil etmək.
Beləliklə də yuxarıda göstərilənlər nəzərə alınmaqla “QS Stars” sayəsində biz dünya səviyyəli tədqiqat obyektləri, müstəsna tədris keyfiyyəti və ya digər vacib olan aspektlərə əsasən universitetləri asanlıqla müqayisə edə bilərik.
Oruc Mustafayev