Dərc olunub: 20.04.2025

Təhsil sistemi əhalinin çox böyük qismini əhatə etməklə cəmiyyətdə yeni təfəkkür tərzi, yeni mənəvi-psixoloji dəyərlərə malik olan şəxsiyyətlər formalaşdırır, insan amilinə artan zərurətin ödənilməsi, cəmiyyətin humanistləşdirilməsi və demokratikləşdirilməsinə xidmət edir. Bu mürəkkəb prosesdə baş verən sosial-psixoloji hadisələr insanın öyrəşdiyi həyat tərzindən ayrılaraq yeniliyi qəbul etməsi, düşüncə və təfəkkür tərzinin dəyişdirilməsi asanlıqla reallaşmır və bir sıra əsəb-psixoloji gərginliklərin yaranmasına səbəb olur. Müəllim və tərbiyəçilər həm cəmiyyət üzvü kimi yeniliyi qəbul etməkdə, həm də bu yeniliyi tələbələrə, şagirdlərə və uşaqlara öyrətməkdə çətinlik çəkirlər. Bu çətinliklərin həll edilərək aradan qaldırılmasında təhsil sisteminin psixoloji xidmətə ehtiyacı yaranır.

Psixoloji xidmətin əsas istiqamətlərindən biri psixoloji konsultasiyadır. Psixoloji konsultasiya ictimai təcrübənin müxtəlif sahələrində geniş tətbiq olunan psixoloji xidmətin istiqamətlərindən biridir. Psixoloji xidmətin demək olar ki, bütün sahələrində psixoloji məsləhətvermə iş formalarından biri kimi geniş tətbiq olunur. Bu sahə klinik qüsurları olmayan, lakin psixoloji yardıma ehtiyacı olan insanların həyati tələbatlarından yaranmışdır. Psixoloji məsləhətvermə, hər şeydən əvvəl qabaqlayıcı, himayəedici kömək forması olub, arzuedilməz mürəkkəbləşmədən xilas olmaq üçün insanlara göstərilən əməli yardımdır. Rus psixoloqları Qornostay və Vaskovskaya psixoloji məsləhət verməni “ilkin psixoterapiya, psixoloq-məsləhətçini müştəri ilə psixoterapevt arasında vasitəçi adlandırırlar”. Konsultasiya prosesində psixoloq bir qayda olaraq insanlara düşdüyü çətin vəziyyətdən çıxmaq yollarını göstərir, şəxsi həyat problemlərinin həllində istiqamət verir, onların psixi qüvvələrini və qabiliyyətlərini aktuallaşdırmaqda, problemin həlli üçün yeni imkanların tapılmasında kömək göstərir.

Ailədə uşağa qulluq və onun tərbiyəsi hər bir valideyni düşündürən və qayğılandıran problemlərdən biridir. İlk tərbiyəçilər olan ata və anaların bir çoxu uşağın tərbiyəsi ilə bağlı meydana çıxan suallara cavabları özləri axtarıb tapdıqları halda, əksəriyyəti bu sahədə təcrübəsi olan insanlarla, tərbiyəçi və müəllimlərlə məsləhətləşməyə ehtiyac duyurlar. Təhsil sistemində psixoloji xidmət yarandıqdan sonra isə valideynlərə göstərilən konsultasiyaların təşkili və keçirilməsində praktik psixoloqun rolu artmaqdadır. Uşağın həyatda müşahidə olunan hər hansı normadan kənaraçıxma halları və patoloji təzahürləri, təlimə, yaşlılara və həmyaşıdlarla münasibətdəki anomaliyaların səbəblərini bilməyən valideynlər ixtisaslı yardıma ehtiyac duyurlar. Uşağın anatomik-fiziki inkişafı gedişində meydana gələn normal yaş böhranlarının simptomları ailədə valideynlər arasında ağır emosional təəssüratların yaranmasına səbəb olur. Belə hallarda ailəyə kömək etmək üçün praktik psixoloq valideynlərə onların övladlarının xüsusiyyətləri haqqında, uşaqların müsbət və mənfi keyfiyyətləri, güclü və zəif tərəfləri, yaş böhranları və temperament tipləri haqqında məlumat verir.

Böyük məktəbəqədər yaşın sonunda uşağın məktəbə hazırlanması ailədə yeni qayğılara səbəb olur. Valideynlərin qarşılaşdıqları çətinliklər çox vaxt onların səbrini tükəndirir, ailədə əsəbi mühit yaradır, uşağın qabiliyyətsizliyi haqqında yalnış qənaətlərə səbəb olur. Bu zaman yenə də psixoloq rəyinə ehtiyac duyulur. Məktəbə qəbul ərəfəsində uşaqların təlimə hazırlığının diaqnostikasını keçirən psixoloq valideynlərin müşahidəsi ilə müxtəlif metodikalardan istifadə etməklə, hər bir uşağın diferensial müayinəsini keçirir. uşağın intellektual inkişaf səviyyəsi, sensor funksiyaların vəziyyəti, bilik və bacarıqların səviyyəsi haqqında valideynlərə konkret məzmunlu tövsiyələr verir.

Valideynlər üçün təşkil edilən konsultasiyalar öz xarakterinə görə söhbətə yaxındır. Burada əsas fərq ondan ibarətdir ki, psixoloq valideynlərin suallarını dinlədikdən sonra onlara ixtisaslı məsləhətlər verir, bir tərəfdən uşağın tərbiyə olunduğu ailəni daha yaxından tanıyır, digər tərəfdən isə onları uşaqların tərbiyəsi məsələlərinə həssaslıqla yanaşmağa təhrik edir. Bu zaman psixoloq valideynlərdən aşağıdakı anketdə qeyd olunan suallara yazılı cavablar verməyi xahiş edir.

*  Sizin övladınız üçün hansı müsbət keyfiyyətlər səciyyəvidir?

* Siz övladınızda hansı mənfi xüsusiyyətləri görürsünuz?

* Övladınızda hansı xüsusiyyətləri tərbiyə etməyə çalışırsınız?

* Övladınız ailədə özünəxidmət qabiliyyətini nümayiş etdirə bilirmi?

* Ailədə uşağınızın gün rejimi varmı, rejimə necə əməl edir?

* Övladınız ailə işlərində və bayramlarda fəallıq və təşəbbüs göstərirmi?

* Övladınız boş vaxtlarını harada keçirir?

*Övladınızın ayrıca otağı varmı, o dərslərə hazırlığa nə qədər vaxt ayırır və.s

Alınmış nəticələri təhlil etməklə növbəti görüşlərdə psixoloq hər bir valideynə zəruri məsləhətlər verir. Müəllimlərlə apardığı psixoloji konsultasiya işlərinin sistemində əsas vəzifə hər bir şagirdin şəxsiyyət kimi inkişafı üçün inkişafetdirici optimal mühitin yaradılmasına kömək göstərməkdən ibarətdir.

 

Nüşabə Məmmədova

Naxçıvan Müəllimlər İnstitutunun baş müəllimi