Baku TV-də Türkiyənin cənub-şərqində, Şanlıurfa ərazisində yerləşən və təxminən 12 000 il yaşı olan arxeoloji abidə – Göbəkli-Təpə haqqında araşdırma materialı yayımlanıb.
Əsrlər boyu torpağın altında gizlənmiş bu möhtəşəm kompleks bəşəriyyətin ən qədim sirlərindən birini özündə saxlayır. İlk dəfə 1960-cı illərdə sözügedən ərazidə qəribə daşlar tapılsa da, əhəmiyyəti bilinməyib. Ta ki, 1994-cü ildə alman arxeoloq Klaus Şmidt buraya gəlib qazıntılara başlayana qədər.
Arxeoloqlar hesab edirlər ki, bu kompleks dini mərasimlər üçün istifadə olunub. Burada insanların kollektiv şəkildə toplaşıb ayinlər keçirdiyini düşünürlər. Kompleksdə daş üzərində dünyaya uşaq gətirən qadın təsvirinin tapılması, həqiqətən də unikaldır. Göbəkli-Təpədə daşdan hazırlanmış bəzək əşyaları, qablar, əmək alətləri, heykəllər və s. yaxşı qorunmuş əşyalar da tapılıb.
Bəzi nəzəriyyələrə görə, Göbəkli-Təpənin tərk edilməsinin səbəbi iqlim dəyişiklikləri və ya sosial inqilablar ola bilər. Ancaq həqiqət hələ də məlum deyil. Bəs necə olub ki, Göbəkli-Təpə uzun əsrlər boyu belə yaxşı qorunub? Deyilənlərə görə, abidənin üzərini sadəcə torpaqla örtüblər. Bu barədə bir çox nəzəriyyələr olsa da, dəqiq necə baş verdiyi barəsində heç bir məlumat yoxdur.
Göbəkli-Təpə sivilizasiyanın başlanğıcına dair yeni suallar doğurur. Arxeoloji tədqiqatlar davam etdikcə bu qədim məbəd kompleksi bəşər tarixinin ən böyük sirlərindən birini açmaqda açar olacaq.
Ətraflı süjetdə:
