18 aprel 2025-ci il tarixində Təhsil Tələbə Krediti Fondu (TTKF) ilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) arasında Anlaşma Memorandumu imzalanıb.
Fonddan bildirilib ki, memorandum qarşılıqlı səmərəli əlaqələrin qurulması, təhsil tələbə kreditlərindən yararlanmış tələbə və məzunların təcrübə mübadiləsinin təşkili və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində birgə fəaliyyəti nəzərdə tutur.
İmzalanma mərasimində TTKF-nin İdarə Heyətinin sədri Bəhruz Əzimov çıxış edərək, Fondun əldə etdiyi nəticələr barədə məlumat verib. O bildirib ki, 2021-ci ildən fəalliyyət göstərən Fond artıq 4 ildir ki, aztəminatlı ailələrin övladlarına təhsil almaqda dəstək göstərir, sosial bərabərliyi təşviq edir və təhsil imkanlarını genişləndirmək məqsədilə fəaliyyət göstərir. Qeyd olunub ki, bu dövr ərzində Fondun elektron portalına 67 mindən çox müraciət daxil olub, 53 mindən artıq təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib.
ATİAHİ-nin sədri Araz Paşayev öz çıxışında Fondun fəaliyyətini yüksək qiymətləndirib. O vurğulayıb ki, tələbələrə göstərilən dəstək onlara təhsilə çıxış imkanı verməklə yanaşı sosial rifahının yüksəldilməsinə də əhəmiyyətli şəkildə töhfə verir. A.Paşayev imzalanan memorandumun gələcəkdə daha genişmiqyaslı əməkdaşlıqlara zəmin yaradacağını və birgə layihələrin icrasına imkan yaradacağını vurğulayıb.
B.Əzimov əlavə edib ki, TTK-dən yararlanmış tələbələrə maliyyə dəstəyi ilə yanaşı, Fond eyni zamanda əməkdaşlıq etdiyi qurumlarla birgə onların əmək bazarına inteqrasiyası üçün müxtəlif təlim və inkişaf proqramları həyata keçirir. Bu istiqamət üzrə dövlət və özəl sektorla qurulan tərəfdaşlıqlar mühüm rol oynayır.
Qeyd edək ki, qarşılıqlı səmərəli əlaqələrin qurulmasına xidmət edəcək memorandum könüllü və təcrübə proqramları, o cümlədən seminar və təlimlər keçirilməsinin dəstəklənməsi, tələbə və məzunların ixtisaslarına uyğun təcrübə proqramlarına cəlb edilməsi, müvafiq sahə üzrə vakansiyalar yaranarsa təhsil tələbə kreditlərindən yararlanmış təhsilalanlara və məzunlara üstünlük verilməsi məqsədilə birgə fəaliyyətin təşkilini nəzərdə tutur.

