Mektebgushesi

Dərc olunub: 19.04.2025

16 aprel tarixindən etibarən Azərbaycanda 15 yaşlı şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri sahələrində bilik və bacarıqlarını qiymətləndirən PISA 2025 (Şagirdlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqram) beynəlxalq tədqiqatının əsas mərhələsinin keçirilməsinə start verilib.

Mektebgushesi.az xəbər verir ki,  bu barədə Təhsil İnstitutu məlumat yayıb

Bildirilib ki, qiymətləndirmə aprel və may ayları ərzində davam edəcək.

Son iki tədqiqat dövründən fərqli olaraq bu il tədqiqatda ölkənin bütün regionlarında təhsil alan şagirdlər iştirak edəcək və cari mərhələdə ölkə üzrə 241 məktəbdən 7500-dən çox şagird qiymətləndirməyə cəlb olunacaq. Şagirdlər əsas sahələr üzrə testlərlə yanaşı onların təhsil və sosial mühitini əhatə edən sorğu mərhələsində də iştirak edirlər. Həmçinin məktəb direktorları üçün nəzərdə tutulmuş sorğular da paralel olaraq aparılır.

PISA qiymətləndirməsi hər 4 ildən bir keçirilir və şagirdlərin yalnız akademik biliklərini deyil, real həyatda qarşılaşa biləcəkləri problemləri həlletmə bacarıqlarını da ölçməyi hədəfləyir.

Ənənəvi 3 əsas sahə ilə yanaşı hər yeni dövrdə bir innovativ sahə də qiymətləndirməyə daxil edilir. PISA 2025 tədqiqatında ilk dəfə olaraq “rəqəmsal dünyada öyrənmə” sahəsi qiymətləndirilir. Bu sahə şagirdlərin rəqəmsal alətlərdən istifadə etməklə məlumat toplamaq, təhlil etmək, problem həll etmək və öyrənməni müstəqil şəkildə idarə etmək bacarıqlarını ölçür. Məqsəd şagirdlərin məlumatla işləmə və düşünərək düzgün qərar vermək qabiliyyətlərini qiymətləndirməkdir.

Təhsil sahəsində qlobal miqyasda əhəmiyyətli göstəricilərdən biri hesab edilən bu tədqiqat İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən həyata keçirilir. Bu dövr üçün 91 ölkə arasında yer alan Azərbaycan PISA tədqiqatında növbəti dəfə iştirak edir. Ölkəmizdə tədqiqatın həyata keçirilməsi Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu tərəfindən təşkil olunur.