Mektebgushesi

Dərc olunub: 18.04.2025

“TələbəPlus” layihəsi çərçivəsində Gənclər və İdman Nazirliyi ilə Təhsilin İnkişafı Fondu (TİF) arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Mektebgushesi.az xəbər verir ki,  sənədi Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov və TİF-in İdarə Heyəti sədrinin müavini Xanım Daşdəmirova imzalayıblar.

Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov “TələbəPlus” layihəsini yüksək qiymətləndirərək bu əməkdaşlığın tələbələrin sağlam həyat tərzinə marağın artmasına və asudə vaxtlarının daha səmərəli keçirilməsinə töhfə verəcəyini bildirib. Elnur Məmmədov Gənclər və İdman Nazirliyinin tabeliyində olan, Bakı və regionlarda yerləşən 47 idman kompleksində “TələbəPlus” kart istifadəçiləri üçün müəyyən güzəştlərin tətbiq ediləcəyini vurğulayıb.

TİF-in İdarə Heyəti sədrinin müavini Xanım Daşdəmirova Fondun təhsilin bütün pillələrində təhsilalanlara və təhsilverənlərə yönəlik müxtəlif layihələr həyata keçirdiyini, infrastruktur layihələri icra etdiyini, habelə təhsil sahəsində dövlət-özəl tərəfdaşlığını təşviq etdiyini vurğulayıb. “TələbəPlus” kartının üstünlüklərindən bəhs edən Xanım Daşdəmirova “TələbəPlus” kartının tələbələrin sosial rifahının yaxşılaşdırılması və təhsilə çıxış imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Müqavilə çərçivəsində Azərbaycan Respublikasında təhsil alan tələbələr üçün nəzərdə tutulmuş “TələbəPlus” kartları vasitəsilə nazirliyin tabeliyində olan idman obyektlərində müxtəlif güzəştlərin və xüsusi təkliflərin tətbiqi planlaşdırılır. Əməkdaşlıq bu güzəştlərlə bağlı maliyyə, iqtisadi, hüquqi və digər münasibətlərin birgə əməkdaşlıq çərçivəsində həyata keçirilməsini təmin edir.