Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi “Ən yaxşı pedaqoji mühazirə” müsabiqəsinə start verib.
Mektebgushesi.az idarəyə istinadən bildirir ki, müsabiqə ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, təhsil işçilərinin bu barədə rəy və mülahizələrini öyrənmək, yaradıcı müəllim və digər işçilərin, qabaqcıl təcrübə nümunələrini təbliğ etmək və perspektiv üçün inkişafyönlü təkliflər hazırlamaq məqsədi ilə keçirilir.
Müsabiqəyə mühazirələrin qəbulu 1 may tarixinədək davam edəcək.
Müsabiqədə GDRTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin direktorları istisna olmaqla, bütün təhsil işçiləri iştirak edə bilərlər.
Müsabiqəyə təqdim ediləcək mühazirələr aşağıdakı mövzularda və ya sərbəst mövzuda ola bilər. https://docs.google.com/…/1WvI…/edit
Müsabiqə iki mərhələdən ibarətdir. Birinci mərhələdə mühazirələrin elektron formada qəbulu, həmin mühazirələrin orijinallığı və uyğunluğu (müəllif tərəfindən yazıldığı), mühazirə formatına uyğun yazıldığı yoxlanıldıqdan sonra həmin mühazirələri yazan şəxs geniş auditoriya qarşısında təqdimatla çıxış edəcək. Yekunda ən yaxşı mühazirə və təqdimat hazırlayan şəxs müsabiqə qalibi olaraq müəyyənləşəcək.
Müsabiqə qalibləri “Fəxri fərman” və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.