Dərc olunub: 15.04.2025

Aprelin 15-də  Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kitabxana-İnformasiya Mərkəzi və ADPU Gənc Alimlər və Tədqiqatçılar Şurasının birgə təşkilatçılığı ilə növbəti təlim keçirilib. Təlimdə universitetin müxtəlif fakültələrini təmsil edən 120-yə yaxın gənc alim və tədqiqatçı və professor-müəllim heyəti iştirak edib.

Təlimi giriş sözü ilə açan ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov qeyd edib ki, respublikamızda elm və təhsil sahəsində aparılan islahatlar ADPU-da da uğurla davam etdirilir. Gənc alim və tədqiqatçıların elmi potensialının artırılması istiqamətində mühüm işlər görülür. Hesab edirəm ki, Universitet Elmi Şurasının qərarı ilə 2017-ci ildə yaradılmış Gənc Alimlər və Tədqiqatçılar Şurasının fəaliyyəti ADPU-da və onun filiallarında çalışan və təhsil alan gənc alim və tədqiqatçıların elmi fəaliyyətlərinin təşkili və əlaqələndirilməsinə yardım etmək, onların yaradıcı elmi və innovasiya fəaliyyətlərini inkişaf etdirmək istiqamətində mühüm əhəmiyyət kəsb edir.

Prorektor bildirib ki,  dünyanın yüksək reytinqli jurnallarında – “Web of Science”, “Scopus” bazalarına daxil olan yüksək impakt faktor göstəricili dövri-elmi jurnallarda dərc edilmiş məqalələrə görə universitetin professor-müəllim heyətinin 2024-cü ildən başlayaraq  rəğbətləndilməsi həyata keçirilir. Bundan başqa, mütəmadi olaraq yerli və xarici mütəxəsislər tərəfindən universitet əməkdaşları, doktorant və magistrantlar üçün təlimlər təşkil edilir.

Daha sonra təlimçi, “Clarivate” şirkətinin Azərbaycan üzrə nümayəndəsi İltifat İbrahimov “Web of Science” plaforması haqqında təqdimat edib və “Research Assistant” süni intellekt aləti, “Journal Citation Reports” hesabat platforması, “Master Journal List” jurnal platforması, təşkilat profili və tədqiqatçı profilləri, eləcə də “EndNote” referans idarəetmə sistemi haqqında iştirakçılara ətraflı məlumat verib.

Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb və təkliflər müzakirə olunub.