Bu barədə AMEA-dan məlumat verilib. Bildirilib ki, ADU-da müsabiqənin nəticələri və qaliblərə sertifikatların təqdim edilməsi ilə bağlı tədbir keçirilib. Tədbirdə ADU-nun elm və innovasiya məsələləri üzrə prorektoru professor Həmidə Əliyeva, Elm şöbəsinin müdiri dosent Sevda İmanova çıxış ediblər. Bildirilib ki, Elm Gününə həsr olunmuş “İlin ən yaxşı məqaləsi” müsabiqəsi universitetdə aparılan elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsi və elmi fəaliyyətin stimullaşdırılması məqsədi daşıyır.
Tədbirdə “Elm” nəşriyyatının direktoru Səbuhi Qəhrəmanov çıxış edərək ADU-nun “Elmi Xəbərləri (Humanitar və ictimai elmlər)” jurnalında çap olunmuş “Klassik ədəbiyyatda azərbaycançılıq ideyaları və milli məfkurənin yaranmasında rolu” mövzusunda qalib seçilən məqaləsi haqqında məlumat verib. Alim bildirib ki, azərbaycançılığın kökləri xalqımızın çoxəsrlik tarixi yaddaşına, mədəniyyətinə, dilinə və milli kimliyinə söykənir. S.Qəhrəmanov məqalədə əsas məqsədin klassik Azərbaycan ədəbiyyatında azərbaycançılıq ideyasının yalnız XIX-XX əsrlərlə məhdudlaşmadığını, əksinə, daha erkən dövrlərdən – xüsusilə də Nizami, Nəsimi, Füzuli kimi böyük söz ustadlarının yaradıcılığından başlayaraq formalaşdığını göstərmək olduğunu vurğulayıb. O, tədqiqatda azərbaycançılıq ideyasını dil, vətən, mənəvi dəyərlər kontekstində araşdıraraq milli şüurun formalaşmasında ədəbi-bədii irsimizin rolu ön plana çıxardığını da qeyd edib.
