Mektebgushesi

Dərc olunub: 11.04.2025

Tovuzda halı pisləşən şagirdlər həkim müayinəsindən sonra evə buraxılıblar.

Mektebgushesi.az xəbər verir ki, Qazax-Tovuz Regional Təhsil İdarəsindən “Azərbaycan müəllimi”nə bildirilib ki, aprelin 11-də Tovuz rayonu Düz Cırdaxan kənd tam orta ümumtəhsil məktəbinin 7-ci sinfində təhsil alan və 2-ci dərs başlayan zaman halı pisləşən 5 şagirdin səhhəti regional təhsil idarəsi və məktəb rəhbərliyinin diqqət mərkəzində saxlanılır.

Tovuz rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsini müvəqqəti icra edən Elşən Musayev və məktəbin direktoru xəstəxanada şagirdləri ziyarət edib, səhhətləri ilə maraqlanıblar.

Bildirilir ki, məktəblilər müayinə edilib, hər birinə müvafiq tibbi yardım göstərilib və evə buraxılıblar.

Qeyd edək ki, adıçəkilən təhsil müəssisəsində təlim-tədris prosesi davam edir.