Mektebgushesi

Dərc olunub: 09.04.2025

Dünya dəyişir və bu dəyişimin mərkəzində gənclər dayanır. Onlar daha sərhədsiz düşünür, daha çox cavabdehlik hiss edir və bəşəri problemlərə böyük empati ilə yanaşırlar. Sevindirici haldır ki, Azərbaycan gəncliyi də bu dəyişimin fəal iştirakçısına çevrilməkdədir. Bakı şəhəri İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyinin 10-cu sinif şagirdləri Lalə Musayeva və Omar Qurbanov da məhz ABŞ-də BMT-nin baş qərargahında keçirilən “Change the World Model United Nations” (CWMUN) konfransında qazandıqları nailiyyətləri ilə uğur hekayələrinin başlanğıcını qoyublar. Belə ki, adları çəkilən hər iki məktəbli “Change the World Model United Nations New York 2025”də ölkəmizi BMT-nin baş ofisində təmsil ediblər.194 ölkədən bir araya gələn 7000 gənc arasında şagirdlərimiz “Honourable mention” mükafatına layiq görülüblər. Lalə Musayeva həmçinin 13-18 yaşlılar arasında 10 mükafatdan “Best Delegate” və “Best Delegation” mükafatlarını alıb. Bu, dünya miqyasında keçirilən ən prestijli və təsirli Model Birləşmiş Millətlər Təşkilat (MUN) konfranslarından biridir. Nyu-Yorkda keçirilən tədbir, gənclərin beynəlxalq diplomatiya, siyasət, və qlobal məsələlər barədə öyrənmələrini təmin etmək məqsədini güdür. Həmçinin şagirdlərimiz Amerikanin Nyu-Yorkla yanaşı Los Angles və Las Vegas kimi şəhərlərində olub və “Bahai” Beynəlxalq Birliyinə (Bahai international community) dəvət edilib.

Ölkəmizi beynəlxalq miqyasda layiqincə təmsil edən şagirdlərimiz “Azərbaycan müəllimi”nin qonağı olublar. Həmsöhbətimiz olan yeniyetmələrin həyatında uğur bir nəticə deyil, yeni başlanğıcdır. Və hər ikisinin uğur hekayəsi zəhmətin, inamın və məqsədyönlülüyün nə qədər böyük qapılar aça biləcəyinin bariz nümunəsidir.

Beynəlxalq siyasi gündəmdəki məsələləri müzakirə etmək istəyən gənclərin proqramı 

“Change the World Model United Nations (CWMUN)” hər il dünyanın hər yerindən beynəlxalq siyasi gündəmdəki əsas məsələləri müzakirə etməyə can atan 10 mindən çox gəncin iştirak etdiyi beynəlxalq proqramdır. CWMUN hazırda Nyu-York, Abu Dabi, Dubay, Paris, Sinqapur və Romada keçirilən planetin ən böyük beynəlxalq gənclər forumu kimi də tanınır. Dünyanı dəyişdirmək, böyümək, fərqli düşünənlərlə əlaqə qurmağı öyrənmək, qlobal vətəndaş olmaq fürsəti yaradan və özünü təkmilləşdirmək istəyən gənclər üçün nəzərdə tutulub. CWMUN tələbələrin, siyasi liderlərin, idman çempionlarının və geosiyasət üzrə ekspertlərin gələcəyi, əməkdaşlığı və davamlılığı müzakirə etmək üçün bir araya gəldiyi unikal tədbirdir.

BMT-nin baş ofisində diplomat ruhu ilə oturmaq, bir sıra tanınmış şəxslərin nitqlərini dinləmək…

Lalə Musayeva həmişə lider ruhlu və cəmiyyət qarşısında çıxış etməyi sevən, uğurları  ilə fərqlənən və hədəfləri olan bir yeniyetmə qızdır: “Aşağı siniflərdən başlayaraq liseyin məni yönləndirdiyi bütün fəaliyyətlərdə aktiv iştirak edərək nailiyyətlər qazanmışam. Həmçinin məktəbdənkənar fəaliyyətlərə həvəslə qoşulmuşam və daim özümə yeni hobbilər yaratmışam. Məsələn, tennis oynamaq, basketbolla məşğul olmaq, dil kurslarına getmək kimi. Hələ də bir çox planım var və məqsədim özümü daim inkişaf etdirib yeniliklərlə tanış olmaq və hərtərəfli biri olmaqdır. Qeyd edim ki, bakalavr təhsilimi Avropada almaq istəyirəm və mənim xaricdə oxumaq istəməyimdəki əsas məqsəd arzuladığım sahədə daha da mükəmməlləşəcəyimə inanmaq, digər millətlərdən olan insanlarla ünsiyyət qurmaq, dünyagörüşümü artırmaq və cəmiyyətimizə yararlı bir vətəndaş ola bilməkdir. Bir cəhətdən də, bu fəaliyyətlərdə iştirakım mənə xarici ölkələrin nüfuzlu ali məktəblərindən birinə qəbul olmaq üçün bir şans yaradır. Əlavə olaraq qeyd etmək istərdim ki, mənim bu fəaliyyətləri həyata keçirməyimdə doğma liseyimin böyük rolu var, müəllimlərim, xüsusilə direktorumuz Nəsim Abışov məni hər zaman bu yolda dəstəkləyib”.

Yeniyetməmiz söyləyir ki, qatıldığı “Change the World Model United Nations”ın əsas məqsədi qlobaldan gəncləri bir araya gətirərək Birləşmiş Millətlər Təşkilatının (BMT) iş prinsiplərini simulyasiya edərək, tələbələrin diplomatiya, qlobal məsələlərin müzakirəsi və beynəlxalq əməkdaşlıq bacarıqlarını inkişaf etdirməsinə şərait yaratmaqdır. İştirakçılar müxtəlif ölkələri təmsil edərək onların siyasətini müdafiə edir və ölkələr haqqında məlumatlanıb, qlobal problemlərə həll yolları tapmağa çalışırlar: “Yəqin ki, yeni gənc nəslin fikirləri fərqlənir və bu da biz gənclər üçün bir avantajdır. Bu qlobalda tanınan və sertifikatının dəyəri olan bir layihədir. Qatılma səbəblərimdən biri də məhz buna görə idi ki, gələcəkdə universitet həyatım üçün faydalı olacaq. Həmçinin fərqli milliyyətdən insanlarla tanış olmaq, BMT-nin məhz öz baş ofisində diplomat ruhu ilə oturmaq, bir sıra tanınmış şəxslərin nitqlərini dinləmək, onların perspektivlərini bilmək və digər diplomatlarla qlobal problemlər üzrə fikir mübadilələri etmək də mənim üçün böyük bir şans və təcrübə idi. Mart ayının 19-dan 31-nə qədər Nyu-York, Los Angeles, Las Vegasda oldum. Mən “Bahai” Beynəlxalq Birliyinin (BIC) Nyu-Yorkdakı baş ofisində də qonaq olmaq şansı əldə etdim. Biz sosial problemlər haqqında danışıb bu icma haqqında daha çox məlumatlandıq”.

Qeyd edək ki, bu Lalənin iştirak etdiyi ikinci beynəlxalq miqyaslı tədbir idi. Onun iştirak etdiyi ilk tədbir Fransada UNESCO-nun baş ofisində olub. Həmin vaxt “Honorable Mention” mükafatına layiq görülmüşdü. Bu il isə Nyu-Yorkda 7000 iştirakçı arasında “Best Delegate” və “Best Delegation” mükafatlarına layiq görülüb. Lalə bu dəfə BMT kürsüsündən öz fikirlərini dünya gəncləri ilə bölüşüb: “Bu tədbir mənə təkcə diplomatik bilik deyil, həm də insanlıq baxımından çox şey öyrətdi. Fərqli ölkələrdən olan iştirakçılarla əməkdaşlıq etmək, onların baxış bucağını anlamaq dünyagörüşümü genişləndirdi. Bir azərbaycanlı şagird olaraq bu mənim üçün böyük bir uğur və qürurdur”.
O, aldığı mükafatlardan söz açır: “Best Delegation (ən yaxşı nümayəndə heyəti )” bir ölkənin bütün nümayəndə heyətinə (deputatlar daxil olmaqla) verilir. Bu mükafat, komandanın bütövlükdə ən yaxşı diplomatik performansını, əməkdaşlığını və debatlarını qiymətləndirir.“Best Delegate (ən yaxşı nümayəndə)” isə komitədə ən güclü fərdi nümayəndəyə verilir. Bu şəxs araşdırması, danışıq bacarığı, diplomatik üslubu və qətnamələrin formalaşmasına töhfəsi ilə fərqlənir. “Honorable Mention (fəxri qeyd)” yüksək səviyyədə iştirak edən, lakin “Best Delegate” mükafatını almayan nümayəndələrə verilir. Güclü çıxış, aktiv iştirak edən, lakin tam üstünlük təşkil etməyən nümayəndələr üçün bir növ təşviqdir”.

“Dayanıqlı inkişaf sahəsində fəaliyyət göstərmək istədiyimi başa düşdüm”

Yüksək intellektə malik yeniyetməmiz bütün fənlərə eyni səviyyədə yanaşaraq hər zaman dərslərindən yüksək qiymətlər alır. Deyir ki, ixtisas seçimi etməyin vaxtı yaxınlaşdıqca daha çox narahat olmağa başlayıb. Bu güvənsizlikdən deyil, əksinə özünə qarşı inamdan irəli gəlirdi:“Bilirdim ki, hansı ixtisası seçsəm, onu mükəmməl şəkildə bacaracağam. Mənim fikrimcə, bir insan sevdiyi və həqiqətən potensialı olduğu sahədə özünü daha rahat  təqdim edə bilər. Valideynlərim hər zaman olduğu kimi bu məsələdə də məni dəstəklədilər və gələcəkdə hansı peşədə həqiqətən uğurlu ola biləcəyimi öyrənmək üçün məni test etdirdilər. Nəticə etibarilə, mən tənqidi düşüncəni yaxşı bacaran və risklərin analiz edilməsi üzrə ekspert ola bilərdim. Ancaq MUN təcrübəmdən sonra ixtisas seçimimdə dəyişiklik oldu və dayanıqlı inkişaf sahəsində fəaliyyət göstərmək istədiyimi başa düşdüm. Bu sahəni seçmək istəyi dünyaya müsbət təsir göstərmək, hökumətlərlə əməkdaşlıq etmək və həmçinin öz şəxsi dəyərlərim və inanc sistemim ilə üst-üstə düşməsindən və özümü gələcəkdə bu sahədə çox uğurlu təsəvvür etməyimdən irəli gəlir”.

“Maliyyə dünyasında, cəmiyyətdə və beynəlxalq gündəmdə real dəyişikliklər yaradan bir insan olmaq istəyirəm”

Omar Qurbanovun hekayəsi isə daxili qorxularla üzləşib onları aşmağın uğura aparan yol olduğunu sübut edir. Parisdə keçirilən ilk MUN tədbirində könüllü olaraq ilk çıxışçı olan Omar, bu addımı ilə səhnə qorxusunu dəf edib və diplomatik arenaya cəsarətli giriş edib.
Özü haqqında məlumat verən X sinif şagirdi Omar liseydə keyfiyyətli təhsil almağa və bacarıqlarımı inkişaf etdirməyə çalışır. Liseydə təhsilə başladığı gündən etibarən yalnız şagird deyil, eyni zamanda məktəb həyatının fəal iştirakçısı kimi tanınıb: “Məni həmişə, özümün “xoş qəribəlik” adlandırdığım bir xüsusiyyət fərqləndirib.Mürəkkəb suallarla bağlı baş “sındırmağı”, digərlərinin fikirləşmədiyi mövzular üzərində düşünməyi sevirəm. Bu, mənə dünyanı və insanları daha dərindən anlamağa kömək edir.Həm humanitar, həm də dəqiq elmlərə eyni dərəcədə maraq göstərirəm, amma ürəyimdə xüsusi yeri riyaziyyat tutur. Riyaziyyat zehni inkişaf üçün əsl məşqdir. Təhsildən əlavə, idman da həyatımda böyük rol oynayır. Səkkiz il peşəkar şəkildə basketbolla məşğul olaraq yarışlarda iştirak edib çoxlu medallar qazanmışam. Amma bununla kifayətlənməmişəm, müxtəlif sahələrdə özümü sınamışam və hər cür fiziki fəaliyyətə maraqla yanaşıram.Özümü aşmaq mənə zövq verir.

Düzünü desəm, əvvəlcə səhnə qorxum var idi. İctimaiyyət qarşısında çıxış etmək fikri məni narahat edirdi. Amma bir anda bu baryeri aşmaq istədiyimi anladım. Model BMT konfransları (MUN) haqqında məlumat aldıqdan sonra dərhal hiss etdim ki, bu məhz mənə uyğundur. Mən problemləri qeyri-standart və yaradıcı yollarla həll etməyi sevirəm, bu cür tədbirlər isə gənclərə geniş və fərqli düşünməyə imkan verir”.

Omarın qeyd etdiyi kimi, ilk beynəlxalq səviyyədə iştirak etdiyi tədbir 21-23 noyabr tarixlərində Parisdə baş tutub. Deyir ki, bu onun ilk debütü idi. O anları yenidən xatırlayır: “Doğrudan da qorxurdum. Təkcə ilk dəfə iştirak etdiyim üçün deyil, həm də səhnə qorxusu hələ də mənimlə idi. Buna baxmayaraq, özümə meydan oxudum və birinci çıxış edən olmaq üçün könüllü oldum. Başa düşürdüm ki, artıq geri dönüş yoxdur. Və mən bunun öhdəsindən gəldim. Bu mənim üçün əsl dönüş nöqtəsi oldu. Və məhz o zaman anladım ki, bir dəfə bacardımsa, yenidən bunu təkrarlaya bilərəm. Parisdə BMT Təhlükəsizlik Şurasında “Syerra-Leone”ni təmsil etdim və mükafat almasam da, qiymətli təcrübə qazandım.

Növbəti mərhələ 5-8 fevral tarixlərində İtaliyada baş tutan konfrans oldu. Bu dəfə daha inamlı idim. Yenidən Təhlükəsizlik Şurasında iştirak etdim, amma bu dəfə Rusiya Federasiyasını təmsil edirdim. Mövzu Yaxın Şərqdəki mürəkkəb vəziyyət idi. Bu dəfə səylərim qiymətləndirildi və mən “Honorable Mention” mükafatına layiq görüldüm. Amma ən genişmiqyaslı və yaddaqalan təcrübəm üçüncü dəfə – Nyu-Yorkda, BMT-nin Baş qərargahında baş tutdu. Mən ECOSOC (İqtisadi və Sosial Şura) komitəsində Avstriyanı təmsil etdim və bu, belə bir böyük komitəyə qatılmağım ilk təcrübəm idi. Biz pandemiyadan sonra qlobal iqtisadiyyatın davamlı inkişafı üçün inklüziv ticarət siyasətinin formalaşdırılmasını müzakirə etdik. Problemlərə oxşar yanaşmaları olan komanda ilə birlikdə uğurlu çıxış etdik və yenidən “Honorable Mention” mükafatını qazandıq. Dünyanın hər yerindən gələn gənclərin eyni problemlərə fərqli baxışlarını görmək çox maraqlı idi.

Əldə etdiyim uğurlarla fəxr edirəm, amma bununla kifayətlənmirəm. Növbəti dəfə Dubaya yollanacağam. Bu dəfə məqsədim “Best Delegation” mükafatını qazanmaqdır”.

Omar söyləyir ki, əldə etdiyi təcrübələr ona sərhədlərinin olmadığını göstərdi. Anlayıb ki, əgər özünə inanırsansa və çalışmağa hazırsansa, heç nə qeyri-mümkün deyil. Bundan əlavə, bu səfərlər ona dünyanın müxtəlif ölkələrindən olan gənclərlə ünsiyyət qurmaq imkanı verir, insanların eyni problemlərə necə fərqli baxdıqlarını görmək imkanı qazandırıb: “Bu məni daha da ruhlandırdı, anladım ki, açıqlıq, hörmət və başqalarını dinləmək bacarığı nə qədər vacibdir. Bütün bunlar mənim şəxsi inkişafımın ayrılmaz hissəsinə çevrildi.
Bəlkə də bu, humanitar və ictimai mövzulara marağımı nəzərə alaraq gözlənilməz səslənəcək, amma gələcəkdə karyeramı bank işi ilə bağlamaq istəyirəm. Daha dəqiq desək, bank analitiki olmaq istəyirəm. Məhz bu sahədə öz çağırışımı görürəm: burada sevdiyim sahələr – riyaziyyat, analitika, mürəkkəb məsələlərin həlli və insanlarla işləmək birləşir. Bu sahədə insan daim inkişaf edə bilər və iqtisadiyyata və cəmiyyətə real təsir göstərə bilər.

Bunun üçün də təhsilimi xaricdə davam etdirmək niyyətindəyəm. İlk növbədə, İsveçrəni nəzərdə tuturam Bu ölkə sabit iqtisadiyyatı və əlbəttə, güclü bank sistemləri və maliyyə sahəsində təhsil proqramları olan bir ölkədir. Eyni zamanda prioritetlərim arasında Amsterdam Universiteti də var. Bu universitet müasir yanaşması, yüksək akademik səviyyəsi və beynəlxalq icması ilə tanınır. Orada gələcəkdə birgə layihələr həyata keçirə biləcəyim parlaq və iddialı insanlarla tanış olmaq mümkündür”.

Qalan hər şey zaman məsələsidir…

Həmsöhbətimiz deyir ki, sadəcə uğurlu mütəxəssis olmaqla kifayətlənmək istəmir, həm də maliyyə dünyasında, cəmiyyətdə və beynəlxalq gündəmdə real dəyişikliklər yaradan bir insan olmaq arzusundadır.Analitik düşüncəni və sosial məsuliyyəti birləşdirərək, real fayda verəcək layihələr yaratmağı düşünür: “Qlobal dünyada özümü sadəcə “peşəsi üzrə işləyən” biri kimi deyil, yeni nəslin beynəlxalq liderlər icmasının bir hissəsi -risk etməkdən qorxmayan, qeyri-standart düşünən və əminliklə hərəkət edən biri kimi görürəm.Artıq planım var, amma ən əsası irəli getmək üçün güclü istəklə doluyam. Qalan hər şey zaman məsələsidir”.

Bir uğur, min ümid

Bəli, hər iki şagirdimizin adı bu gün BMT-nin kürsüsündə səslənib. Sabah isə onların uğuru minlərlə başqa azərbaycanlı gənc üçün yol göstəricisinə çevriləcək.

Və Azərbaycan gəncləri sübut edirlər ki, artıq təkcə müşahidəçi deyillər. Onlar müzakirə edən, dəyişdirən və gələcəyi formalaşdıran əsas fiqurlardır. Hər uğurlu addım, hər səsləndirilən fikir isə qlobal dünya ilə milli kimliyimiz arasında bir körpü olur.

Qürurluyuq həm də ona görə ki, bu dünya dəyişirsə, onu dəyişdirənlər arasında bizim yeniyetmələrimiz və gənclərimiz də var.

Samirə Kərimova