Dərc olunub: 08.04.2025

Aprelin 8-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Təhsildə menecment və yeni təlim texnologiyaları” mövzusunda magistrantların VIII Respublika elmi konfransı işə başlayıb.

Plenar iclasda giriş sözü ilə çıxış edən ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, konfransın Təşkilat Komitəsinin sədr müavini professor Asəf Zamanov vurğulayıb ki, konfrans Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilib. Prorektor qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin elm strategiyası milli quruculuq siyasətinin əsas istiqamətlərindən biri olub. Bu strategiya hazırda Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azad olunmuş torpaqlarımızda, təhsil ocaqları, o cümlədən ali məktəblər yaradılır. Respublika elmi konfransı da elmin vacibliyinin dərk olunması və xüsusilə gənclər arasında təbliği baxımından mühüm əhəmiyyətə malikdir. Ölkəmizdə və ADPU-da elm və təhsilin inteqrasiyası istiqamətində son illərdə aparılan islahatlar elm və təhsilin inkişafında yeni mərhələnin başlanğıcı, bu vacib sahəyə yüksək diqqət hesab oluna bilər.

Vurğulanıb ki, ADPU-da magistratura və doktorantura səviyyəsində dövrün tələblərinə uyğun yeni nəsil mütəxəssislər hazırlanması işini təkmilləşdirmək məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Beynəlxalq təcrübə öyrənilir, dövrün tələblərinə uyğun yeni ixtisaslar yaradılır, mütəxəssis hazırlığında əsaslı irəliləyiş müşahidə olunur, mövcud ixtisaslaşmaların məzmununun, o cümlədən təhsil proqramlarının və tədris planlarının yenilənməsi istiqamətində iş aparılır. Hazırda universitetdə 22 ixtisas üzrə 30 ixtisaslaşmada magistr hazırlığı həyata keçirilir.

ADPU-nun magistratura səviyyəsində ənənəvi ixtisaslaşmalardan başqa son illərdə universitetdə yeni ixtisaslaşmalara qəbul aparılır. Onlardan menecment (təhsilin təşkili və idarə olunması) ixtisaslaşması üzrə ABŞ-ın Corc Vaşinqton Universiteti ilə həyata keçirilən ikili diplom proqramı, menecment (ali təhsilin təşkili və idarə edilməsi) ixtisaslaşması, MBA proqramı üzrə “Təhsilin təşkili və idarə olunması” və “Təhsil üzrə marketinq fəaliyyəti” ixtisaslaşmaları, eləcə də “SABAH” proqramı üzrə “Təlim və tədrisin təşkili və metodikası”, “Təshildə qiymətləndirmə və monitorinq”, “Menecment (ali təhsilin təşkili və idarə olunması)” ixtisaslaşmasını göstərmək olar.

Prorektor sonda qeyd edib ki, konfrans təkcə bilki mübadiləsi üçün deyil, həm də ölkəmizin təhsil siyasətinin inkişafı və gənc tədqiqatçıların gələcəkdəki töhfələri haqqında düşünmək üçün bir platformadır. Bizim burada toplaşmaqda məqsədimiz mövcud tədqiqatlarımızın nəticələrini paylaşmaqla bərabər, həm də elm və təhsil sahəsində qarşılaşdığımız çətinlikləri müzakirə etmək və gələcəkdə bu sahələrin inkişafını necə irəlilədə biləcəyimizi müəyyən etməkdir. Bu gün bir-birimizdən öyrənək, yeni ideyalarla zənginləşək və elm dünyasında daha böyük töhfələr verək.

ADPU-nun Magistratura və doktorantura şöbəsinin müdiri, konfransın məsul katibi s.e.ü.f.d. Rəşad Sadıqov ötən illərin statistik məlumatlarını təqdim edərək diqqətə çatdırıb ki, builki konfransda 381 məruzə, o cümlədən 7 müxtəlif ali təhsil müəssisəsindən 54 magistrantın məruzəsi dinləniləcək ki, bu da indiyə qədər əldə olunan ən yüksək nəticədir. Belə ki, ADPU ilə yanaşı Sumqayıt Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Lənkəran Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Mingəçevir Dövlət Universiteti, Xəzər Universiteti, Bakı Qızlar Universitetindən magistrantları, eləcə də, Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində universitetdə təhsil alan Çin vətəndaşı olan magistrantlar da iştirak edirlər.

Daha sonra ADPU-nun Ümumi psixologiya kafedrasının müdiri professor Ramiz Əliyev, İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri professor Fərrux Rüstəmov, Riyaziyyatın ibtidai kursunun tədrisi texnologiyası kafedrasının müdiri professor Əbülfət Pələngov, Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının müdiri professor Müseyib İlyasov çıxış edərək öz təəssüratlarını, magistrantlara olan tövsiyələrini çatdırıblar.

Plenar iclasda ADPU-nun magistrantı Bəyim Nəbiyevanın “XXI əsr ali məktəbinin formalaşdırılması strategiyasına bir baxış”, BSU-nun magistrantı Rauf Quliyevin “Fənlərüstü inteqrasiyaya yeni yanaşma” mövzularında məruzələri dinlənilib.

Konfrans işini “Təhsildə strateji idarəetmə”, “İnnovasiyalar və təhsilin keyfiyyəti”, “Təhsildə sosial-psixoloji xidmət”, “Tədrisin müasir problemləri-1” və “Tədrisin müasir problemləri-2” bölmələri üzrə davam etdirib.

İki gün davam edəcək konfransda 381 məruzə dinləniləcək, müzakirələr aparılacaq. Təşkilat Komitəsinin yekun rəyinə əsasən çapa tövsiyə olunan elmi məruzələr topluya daxil ediləcək və konfrans materiallarında nəşr olunacaq.