Dərc olunub: 07.04.2025

 

Aprelin 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Geoloqlar Gününə həsr olunmuş tədbir keçirilib.

Universitetdən Mektebgushesi.az-a verilən məlumata görə, tədbirdə açılış nitqi ilə çıxış edən ADNSU-nun rektoru, dosent Rüfət Əzizov iştirakçıları salamlayaraq geologiyanın təkcə elm sahəsi kimi deyil, həm də iqtisadi inkişafla bağlı əhəmiyyətli sahələrdən biri olduğunu deyib. ADNSU-nun tədqiqat universitetinə çevrilməyi hədəflədiyini deyən rektor, dosent R.Əzizov geologiya sahəsində zəngin təcrübəmizin olduğunu və yeni ideoloji metodların tədricən daxil edilməsinin vacib məsələlərdən biri olduğunu bildirib. Rektor çıxış zamanı universitetin Geoloji kəşfiyyat fakültəsi də daxil olmaqla, bütün geoloqların bayramını təbrik edib.

SOCAR-ın vitse-prezidenti Arzu Cavadova belə əlamətdar bir gündə ADNSU-da olmaqdan məmnunluğunu bildirib və geologiyanın ölkə və region üçün mühüm əhəmiyyətindən söz açıb. O, eyni zamanda hər il ənənəvi olaraq aprel ayının ilk bazar gününün Geoloqlar Günü kimi qeyd edilməsinin təsadüfi olmadığını, hər il bu vaxtlarda çöl-tədqiqat işlərinə başlanıldığını qeyd edib.

Sonra çıxışçılar  – Geoloji Kəşfiyyat fakültəsinin dekanı, dosent Naməd Paşayev, Neft və Qaz İnstitutunun icraçı direktoru, professor Vaqif Qurbanov, SOCAR-ın Neft-qaz yataqlarının işlənməsi şöbəsinin rəis müavini Elvin Əhmədov, Geologiya mineralogiya elmləri doktoru, professor Çingiz Xəlifəzadə çıxışlarında geologiyanın elm sahəsi kimi önəmindən danışıblar.

Tədbir Geofiziki Kəşfiyyat Cəmiyyəti (SEG) – komandasının çıxışından sonra II panel sessiya ilə davam edib.