Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elmi-metodik nəşri “Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalı beynəlxalq uğura imza ataraq, İsveç Milli Kitabxana kataloqu LIBRIS-də qeydiyyata alınıb.
Mektebgushesi.az xəbər verir ki, LIBRIS, İsveç Milli Kitabxanası – Kungliga biblioteket (KB) tərəfindən idarə olunan, İsveçin ən böyük və beynəlxalq əhəmiyyətə malik milli biblioqrafik kitabxana kataloqudur. Bu sistem İsveçdəki universitet və elmi kitabxanalar arasında məlumat mübadiləsini təmin edir.
Jurnal eyni zamanda Stokholm Universiteti Kitabxanası (Stockholm University Library) tərəfindən rəqəmsal resurslar bölməsinə də daxil edilib. Bu nailiyyət jurnala akademik dairələrdə daha geniş çıxış təmin edərək, onun daha çox tədqiqatçı tərəfindən oxunmasına və istinad edilməsinə imkan yaradır.
Jurnalın beynəlxalq kitabxana kataloqunda qeydiyyata alınması onun elmi nüfuzunun yüksəlməsinə və qlobal elmi ictimaiyyətdə tanınmasına əhəmiyyətli töhfə verəcəkdir.