Aprelin 1-də II Şəhidlər Xiyabanında Azərbaycanın Milli Qəhrəmanı, Vətən müharibəsi şəhidi polkovnik Şükür Həmidovun doğum günü münasibətilə anım tədbiri keçirilib. Anım tədbirində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İbtidai təhsil fakültəsinin dekan müavini Sevinc Eylazova, fakültənin əməkdaşları və bir qrup tələbəsi də iştirak edib. Ziyarət zamanı şəhid polkovnikin əziz xatirəsi ehtiramla yad edilib, məzarı önünə gül dəstləri qoyulub.
Həmidov Şükür Nəriman oğlu 1975-ci il aprelin 1-də Qubadlının Armudluq kəndində anadan olub. 2016-cı il Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad edilməsi uğrunda döyüşlərdə böyük şücaət göstərən Şükür Həmidov vaxtından əvvəl polkovnik hərbi rütbəsi verilib və Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Milli Qəhrəman Şükür Həmidov 22 oktyabr 2020-ci il tarixində Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.
Qeyd edək ki, Şükür Həmidovun qızı Əzizə Həmidova ADPU-nun İbtidai sinif müəllimliyi ixtisasının III tədris ili tələbəsidir.