Elm və təhsil naziri Emin Əmrullayev Parisdə Azərbaycanın Fransadakı Səfirliyinin Mədəniyyət Mərkəzində Avropada doktorantura təhsili alan azərbaycanlı tələbələrlə görüşüb.
AZƏRTAC xəbər verir ki, nazir Emin Əmrullayev Azərbaycanın ali təhsil sistemində son ildə baş vermiş dəyişikliklər, xüsusilə Qarabağ Universiteti, xaricdə təhsil proqramı barədə ətraflı məlumat verib.
Təhsil sistemindəki innovasiyalar, uzun və qısamüddətli strategiyalar, aparılan islahatlardan danışan nazir bildirib ki, ali təhsilin keyfiyyətinin yüksəldilməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı ölkə Prezidentinin sərəncamları bu sahənin inkişafına davamlı dövlət qayğısını əks etdirir.
Nazir xaricdə doktorantura təhsili almaq istəyən gənclərimiz üçün yaxşı fürsətlər yarandığını diqqətə çatdırıb.
Görüşdə doktorantların akademik və elmi fəaliyyəti ilə bağlı imkanlar müzakirə edilib.
Nazir gəncləri təhsillərini bitirdikdən sonra ölkəmizdə elmi fəaliyyətlə məşğul olmağa və elmin inkişafına töhfə verməyə çağırıb.
Şəhla Ağalarova



