Xaçmaz məktəbliləri Hüseyin Muradzadə və Elgün Məmmədov Məktəblilərarası fənn müsabiqələrinin ilk mərhələsində yüz faizlik nəticə ilə yarımfinal turuna vəsiqə qazanıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yeddinci sinifdə oxuyan hər iki şagird kənd məktəblərində təhsil alır.
Hüseyin Muradzadə Xaçmazın Hacıəbdürrəhmanoba kəndində yaşayır, təhsil almaq üçün isə qonşuluqdakı Palıdlı kənd tam orta məktəbinə gedir. Müsabiqədə riyaziyyat fənni üzrə biliyini sınayan balaca istedad 25 sualın hamısına doğru cavab verərək maksimum nəticə əldə etməyi bacarıb.
“Məktəbdə əlaçıyam. Bütün fənləri yaxşı oxuyuram. Bundan əvvəl də müsabiqələrdə iştirak etmişəm. Bu il isə riyaziyyat fənni üzrə müsabiqəyə qoşuldum. Suallar mənə görə çətin deyildi. Hamısına düzgün cavab verdim. Əvvəllər müsabiqələrdə finala kimi irəliləmişəm. Amma medal qazana bilməmişəm. Bu il qızıl medal qazanmaq istəyirəm”, – deyə Hüseyin Muradzadə söyləyib.
Balaca istedadın babası Hüseyin Muradov da nəvəsinin qızıl medal qazanacağına inanır. “Mənim nəvələrim hamısı təhsilə maraq göstərirlər. Beş nəvəm artıq ali təhsil alıb və işləyir. İkisi hazırda təhsilini davam etdirir. Adımı daşıyan Hüseyin isə nəvələrim arasında ən istedadlılardandır. Onunla fəxr edirəm. Fikri ancaq təhsildə, dərs oxumaqdadır. İdmana da maraq göstərir. Finala çıxacağına və qızıl medal qazanacağına inanıram”, – deyə o qeyd edib.
Fənn müsabiqələrində maksimum nəticə göstərən Elgün Məmmədov isə Xaçmazın Bəyqışlaq kəndində yaşayır. O, Muxtar Osmanov adına Mehrəliqışlaq kənd ümumi orta məktəbinin şagirdidir. Kimya fənnini çox sevən Elgün gələcəkdə mühəndis olmaq istəyir. “Fənn müsabiqəsində kimya fənni üzrə biliyimi sınadım. Bütün suallara doğru cavab verib yarımfinala vəsiqə qazandım. Finalda iştirak edib medal qazanmaq istəyirəm. Kimya maddələrin xassələrini, tərkibini öyrənən elmdir. Məndə bu fənnə marağı məktəbimizdə kimyanı tədris edən Jalə müəllimə oyadıb. Böyüyəndə kimya mühəndisi olmaq istəyirəm”, – deyə Elgün Məmmədov söyləyib.
Elgünlə yanaşı, Mehrəliqışlaq kənd ümumi orta məktəbin daha 3 şagirdi Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və fənn müsabiqələrində uğurla iştirak edərək növbəti mərhələyə keçib.
“Dörd şagirdimiz riyaziyyat-məntiq olimpiadası və fənn müsabiqələrində seçilib. Elgün onlar arasında ən yüksək nəticəni əldə edib – kimya fənni üzrə yüz faizlik nəticə. Çox istedadlı və intizamlı şagirddir. Elgünün özündə böyük istək var və qarşısına məqsəd qoyub. Bilirik ki, növbəti mərhələdə sualların çətinlik səviyyəsi artır. Amma Elgünün uğur və medal qazanacağına çox böyük ümid bəsləyirik”, – deyə məktəbin direktoru Pənah Ələskərov bildirib.
Ümumilikdə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin 619 şagirdi Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və məktəblilərarası fənn müsabiqələrinin yarımfinal turuna vəsiqə qazanıb. Məktəblilərarası fənn müsabiqələrində isə şimal bölgəsindən 390 şagird uğur əldə edib.







