Süni intellekt yarandığı gündən etibarən müəyyən ixtisaslarda ixtisarların artacağı, insanların yerinə işləri robotların görəcəyi söylənir.
Bunun səbəbi kimi artıq avtomatlaşdırılmış sistemlərin insan əməyini əvəzləyə biləcəyi göstərilir.
Mövzu ilə bağlı Oxu.Az-a danışan Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasovun fikrincə, süni intellektin yaranmasının hər hansı peşə sahəsinin işləkliyinə təhlükə yaratması çoxşaxəli məsələdir:
“Çünki süni intellekt hazırda həm inkişaf edən bir sənaye, həm də inkişaf etdirən sənayedir. Artıq o, dördüncü sənaye inqilabının tərkib hissəsi deyil. Özü inqilabi prosesdir. Süni intellektin bütün sahələrə, sektorlara, peşələrə təsiri var. Amma hələ süni intellekt heç bir sahədə təşəbbüskar deyil. Heç bir sahə tam olaraq süni intellektə verilməyib. Belə bir gözlənti yaxın gələcəkdə yoxdur.
Süni intellektin ən yaxşı, unikal bacardığı iş tərcümədir. Bu tərcüməni belə insan nəzarəti ilə edir. Yəni ona bir iş veririk, alırıq, baxış keçiririk, daha sonra onu realda istifadə edirik.
Digər sahələrdə – avtomatlaşdırma, proqramlaşdırma, kontent menecer və s. yəni süni intellektin nüfuz etdiyi bütün sahələrdə insan nəzarəti ilə süni intellekt fəaliyyət aparır. Heç bir iş süni intellektin təşəbbüsünə verilməyib. Qəraralma və qərarvermə pozisiyaları onda deyil. Ondan ancaq köməkçi bir alət, assistent kimi istifadə edilir.
Hələ bir neçə il də bu belə davam edəcək. Süni intellektin özünün hər hansı bir sahədə təşəbbüsü ələ alması yaxın 2-3 il içərisində gözlənilmir. Bu, böyük bir məsuliyyətdir”.
Onun sözlərinə görə, süni intellekt hələ heç bir peşənin ixtisasını almayıb:
“Heç bir peşəyə tam təsiri yoxdur. Nisbətən təsirlər edir.
Məsələn, süni intellekt nüfuz etdiyi peşələr data əsaslı qərarvermə, data analitikadır. Bir bankda əgər əvvəl 10 data analitik işi idarə edirdisə, artıq iş 3 analitiklə idarə olunacaq. Onların yeddisi ixtisara düşəcək. Həmçinin də jurnalistika sahəsində korrektorlara ehtiyac olmaya bilər. Çünki korrektə məsələlərini süni intellekt daha yaxşı edir. İnsanın gözündən qaçacaq səhvlər belə süni intellektin gözündən qaçmır”.
“Hər hansı bir mətni zənginləşdirmək, tədqiqat işlərində – məsələn, tarixi bir sənədin axtarışı, sübutun axtarışında süni intellekt yaxşı köməkçi alət kimi istifadə oluna bilər. Bu istiqamətlərdə süni intellekt faydalıdır. Amma yenə də köməkçi alətdir. Onun hazırda bizim hansısa işimizi alma gücü yoxdur. Lakin yaxın gələcəkdə bu baş verəcək”.