Dərc olunub: 24.03.2025

Antik filosof Aristotelin bir sözü var: “Gənclərin yetişməsinə əhəmiyyət verin. Çünki, bu yolda hər hansı bir məsuliyyətsizlik məmləkətin təməlini məhv edər”. Bu mənada heç kəsə sirr deyil ki, gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır.

Ümummilli liderimiz Heydər Əliyev öz siyasətində daima gənclərə qayğı göstərmiş, onların bir fərd kimi yetişməsinə xüsusi önəm vermişdir. Hakimiyyətə gəldiyi ilk günlərdən başlayaraq gənclər siyasəti ilə bağlı bir çox fərman və sərəncamlar imzalayan Ulu Öndər gənclərin milli və vətənpərvər ruhda tərbiyəsinə həmişə önəm vermişdir. “Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq – budur vətənpərvərlik”.

Bu günün özündə də ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir. Bütün bu uğurların fonunda təəssüf ki, son illər ölkəmizdə istər orta məktəblərdə, istərsə də ali məktəblərdə yeniyetmə və gənclər arasında xoşagəlməz hadisələrin sayının bir qədər artması, bunların qarşısının alınması üçün hər hansı bir ciddi tədbirin görülməməsi, təhsil müəssisələrinin rəhbərlərinin və valideynlərin baş verən hadisələrə münasibətin çox vaxt adekvat olmaması ciddi narahatlıq doğurur.

Yeniyetmə və gənclərin bir qisminin milli musiqiyə biganəliyi, universitet tələbələrimiz və ardınca da orta məktəb şagirdlərimizin bayağı musiqilərə qulaq asması, kim və kimlərin təsirinə düşərək kriminal avtoritetə həsr olunmuş mahnını oxuyaraq oynamaları cəmiyyət tərəfindən böyük qınağa səbəb olur, sosial şəbəkələrdə bir ağızdan belə mütəşəkkil hərəkət birdən-birə ortaya çıxa bilməz kimi dəyərləndirilir. Halbuki, kim təminat verə bilər ki, mənəvi dəyərlərimizin aşılanmasına yol aça biləcək bu kimi təhlükəli tendensiyalar sabah və ya birisi gün də baş verməyəcək!?

Qloballaşmanın, virtuallığın milli kimlikdən uzaqlaşmanın fəsadlarına qarşı yeniyetmə və gənclərə nəsil-nəcabəti qorumaq kimi hisslərin aşılanması, nəinki məktəblərin, universitetlərin, KİV-lərin, TV-lərin vəzifəsidir, bu milli mənsubiyyəti olan hər kəsin mənəvi borcudur. Elə çıxmasın ki, gənclər bizim gələcəyimizdir deyək, ancaq bu kimi gənclərlə hara gedəcəyimizin elə də fərqində olmayaq. Bu hallara qarşı cəmiyyət səfərbər olmalıdır. Unutmayaq ki, gənclik həyatda zaman vahidi deyil, düşüncə tərzidir. Bu kimi təhlükəli tendensiyaların sabah və ya birisi gün baş verməməsi üçün nəsə etməliyik. Heç olmasa ona görə ki, yeniyetmə və gənclərimizə nəsli, nəcabəti qorumaq kimi hisslərin aşılanması yolu ilə milli kimlikdən, mənəvi mental dəyərlərimizdən uzaqlaşmalarının qarşısını ala bilək.

Son illər yeniyetmə və gənclərin bir qismi bayağı musiqilərə qulaq asır. Muğama, saz havalarına, xalq musiqisinə qulaq asmayan gənclərin sayı günü-gündən artır.Elə bir müddət öncə bir neçə universitetin həyətində keçirilmiş Novruz tədbirində kriminal avtoritetə həsr olunmuş mahnı səsləndirilmişdi və tələbələr də hamısı bir ağızdan bunu oxuyub oynamışdılar. Müvafiq profilaktik tədbirlər görülmədiyindən bu kimi bayağı mahnılar orta ümumtəhsil məktəblərinə də yol açdı. Bir sıra məktəblərdə “Zon zəng” tədbirlərinin atributuna çevrildi. Bu məsələlərdə ailənin üzərinə məsuliyyət düşdüyü kimi məktəblərimizin, ali təhsil müəssisələrimizin də üstünə məsuliyyət düşür.

Bir çox ölkələri dünyaya tanıdan onların milli musiqisi olub. Musiqi hər bir xalqın unikal identikliyini qoruyub saxlayan komponentlərdən biri kimi onun mədəni irsinin formalaşmasında mühüm rol oynayır. Demək olar ki, xalqımızın milli musiqisinin bünövrəsini təşkil edən Azərbaycan muğamını BMT-nin ixtisaslaşmış təşkilatı olan YUNESKO bəşəriyyətin mədəni irs siyahısına daxil edib. Yeniyetmə və gənclərimizin milli musiqimizlə yanaşı Motsart, Vivaldi, Qriq, Bethoven, Șubert, Șuman kimi klasikləri dinləməsi və onların əsərlərini ifa etməsi nəinki lazımdır, hətta vacibdir. Rəşid Behbudov, Müslüm Maqomayev kimi sənətkarlarımız milli və klassik musiqi ifaları ilə Azərbaycanı dünyaya tanıdıblar. Canəli Əkbərov, Alim Qasımov kimi muğam ustadlarımiz bir çox xarici ölkələrdə dəfələrlə qastrol səfərlərində olub, milli muğamımızla xaricilərin qəlblərini fəth ediblər.

Bütün bu uğurların fonunda təəssüf ki, son illər ölkəmizdə yeniyetmə və gənclərin bayağı musiqilərə meylinin artdığı açıq-aşkar hiss olunmaqdadır. Halbuki, bir xalqın musiqisinin bayağılaşması onun əsrlərlə qoruyub saxladığı mədəniyyətinin, incəsənətinin bayağılaşması deməkdir. Halbuki, kim təminat verə bilər ki, mənəvi dəyərlərimizin aşılanmasına yol aça biləcək bu kimi təhlükəli tendensiyalar sabah və ya birisi gün də baş verməyəcək!? Nəsli-nəcabəti olmayandan nəslin davamçısı ola bilməz.Tələbə gənclərimiz oxumaqla yanaşı həm də əylənməli və şənlənməlidirlər. Lakin milli kimliyi və mənsubiyyəti unutmamaq şərti ilə…