“Sanki, parnik üsulu ilə süni intellekt yetişdirmək fikrinə düşmüşük?”
Yəqin, çoxlarına gizli deyil ki, bir çox valideynlər artıq birinci sinifdən övladlarının müəyyən bir ixtisasa sahiblənməsi üçün repetitor axtarışına çıxır, müxtəlif hazırlıq kurslarına üz tutur. Belə bir “diplom sevdası” görəsən nədən qaynaqlanır? Nə baş verir? Hara tələsirik? Parnik üsulu ilə süni intellekt yetişdirmək, uğurlu karyera qurmaq fikrinə düşmüşük?
Mövzu ilə bağlı təhsil eksperti Nadir İsrafilov Moderator.az-a danışıb.
“Qəbul etdiyimiz Kurikulum sənədinin da əsas tələbi odur ki, səriştəyə əsaslanan şəxsiyyət yönümlü vətəndaş hazırlansın. Əlavə yükləmələr isə, əksinə uşaqları bu səriştə və bacarıqlardan məhrum edir. Heç olmasa onu da nəzərə almırıq ki, övladlarımızın sağlamlığı bizim üçün onların təhsilindən heç də az əhəmiyyətsiz deyil. Məşhur “sağlam ruh, sağlam bədəndə olar” kəlamı heç də təsadüfən yaranmamışdır.
Halbuki, təhsilin vəzifəsi öz yetirmələrini müstəqil həyata hazırlamaqdır. Belə ki, ümumtəhsil məktəbinin məqsədi yetirmələrinə sistemli bilik, bacarıq və vərdişlər aşılamaq, hərtərəfli və ahəngdar inkişaf etmiş şəxsiyyətyönümlü vətəndaş yetişdirməkdir. Mütəxəssis hazırlamaq isə bilavasitə ali təhsil müəssisələrinin vəzifəsidir.Biz də əsasən bununla razılaşırıq, deyirik, yazırıq, ancaq əməl etmirik, universitetlərin görəcəyi işi ümumtəhsil məktəblərinin, ümumtəhsil məktəbləriinin görəcəyi işi isə məktəbəqədər təhsil müəssisələrinin üzərinə yükləməkdə davam edirik. Bir mühüm məqamı unuduruq ki, məktəb öz yetirmələrinə lazımi bilik, bacarıq və vərdişlər aşılamaqla yanaşı, həm də cəmiyyət üçün fiziki və mənəvi cəhətdən sağlam nəsil yetişdirmək qayğısına qalmalıdır. Məktəbli və tələbələrin dərs yükünün ağır olması, proqramların yüklülüyü ilə bağlı narazılıq və şikayətlər uzun illərdən bəri müzakirə obyektinə çevrilsə də, ortaq məxrəci tapılmayan bir problem olaraq qalmaqdadır.
Məktəblərdə tədris proqramının və dərsliklərin yüklü olmasını təkcə valideynlər deyil, psixoloqlar və təhsil mütəxəssisləri də dəfələrlə dilə gətiriblər. Hətta nazirlik rəsmiləri də zaman-zaman bunu etiraf ediblər. Belə çıxır ki, antik filosof Senekanın hələ eramızdan əvvəl etdiyi “Əfsus ki, biz həyat üçün yox, məktəb üçün oxuyuruq” xəbərdarlığından bu gün də lazımi nəticə çıxarmamışıq. Biz hələ də “keyfiyyətli təhsil” adı ilə uşaqlarımızı ifrat dərəcədə yükləməklə onları bir növ istismar etmiş oluruq.Hələ bunlar bəs deyilmiş kimi, dərsdən əlavə nə qədər test, oxu vəsaiti aldırılır. Uşaqları bu qədər yükləmək olmaz axı” mesajı verirsə, bu və digər çoxsaylı ümumi ictimai rəyi nəzərə almaq bu qədərmi çətindir?
Əslində, uşaqları ifrat dərəcədə yükləməklə onları bir növ öz uşaqlıq həyatlarını yaşamaqdan məhrum etmiş oluruq. Kimlərinsə uşaqları akademik yükləməklə daha yaxşı öyrənəcəklərini zənn etmələri düşüncəsi isə kökündən yanlışdır. Uşaqların dərs yükünün optimallaşdırılması üçün müəllimlərlə işləməzdən əvvəl proqramları yüngülləşdirməli, dərslikləri gələcək üçün lazımsız materiallardan azad etməliyik. Təhsil beyni inkişaf etdirməkdir, başı doldurmaq deyil.
Nazirin də son müsahibələrinin birində etiraf etdiyi kimi, bəzən lazım olmayan yük əsassız şəkildə çantalara yüklənilir. Həmin əlavələr nə tədrisin keyfiyyəti, nə də uşağın gələcəyi üçün lazımdır. Digər səbəblərdən biri də bəzi məktəblərin tələb etdiyi əlavə vəsaitlərdir. Heç də hər gün məktəbə aparılmayan əlavələrdir.” Bu gün biz uşaqlarımızı faktiki bilik qazanmağa, elementar tərbiyə elementlərinə yiyələnməyə deyil, hansısa test suallarına cavab tapmağa yönləndirmişik. Halbuki, təhsilə dair heç bir normativ sənəddə orta məktəbin vəzifəsi məhz ali məktəbə tələbə hazırlamaq kimi müəyyənləşdirilmiyib. Ümumtəhsil məktəbinin fəaliyyətinin yeni kompleks qiymətləndirmə meyarları hazırlanmalıdır. Məktəbimiz, bütövlükdə təhsilimiz yalnız formaca deyil, məzmun və struktur baxımından yenilənməlidir…
Bu gün ali təhsilli diplomluların təcrübəsizliyi, lazımı bacarıq və vərdişlərə tam yiyələnməmələri işəgötürən üçün əsas bəhanəyə çevrilib. Dünyada baş verən texnoloji dəyişikliklər və biznes münasibətlərində yaranan yeni şərait əmək bazarına da təsirsiz ötüşməyib. Bu gün ali təhsili bitirən diplomluların işə düzəlməsi müşkülə çevrilib. Özünə hər hansı bir münasib iş tapmaq üçün, CV deyilən anketini min bir təşkilata göndərməlisən. İşdir, sənə hansısa bir iş təklifi gəlsə, yenidən hansısa əlavə kursları bitirməyin, təcrübə toplamaq məqsədilə sınaq mərhələsini keçməyin, müsabiqə və imtahanlarda iştirak etməyin tələb olunacaq. Belə olduğu halda, belə çıxır ki, universitetlər ixtisaslar üzrə normal bir kadr hazırlayıb, ortaya çıxara bilmirlər. Halbuki, təhsil müəssisəsində kadr hazırlığının keyfiyyət səviyyəsi məzunların milli və beynəlхalq əmək bazarında rəqabət qabiliyyəti, ölkənin sоsial və iqtisadi inkişafında rоlu ilə müəyyən edilir. Bir sözlə ixtisası üzrə iş tapmaq diplomlu iş axtaran üçün əsas maneəyə, onların təcrübəsizliyi, lazımı bacarıq və vərdişlərə tam yiyələnməmələri isə, işəgötürən üçün əsas bəhanəyə çevrilib.
Yaranmış vəziyyətin fəsadlarını bir çox ekspertlər kimi Elm və Təhsil Nazirliyinin rəsmiləri də etiraf edirlər ki, “Universitetlərimiz lazımı bacarıqlara yiyələnən mütəxəssislər yetişdirə bilmirlər”. Halbuki, təhsil – Təhsil qanunvericiliyimizə əsasən, sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prоsesi və оnun nəticəsi kimi səciyyələndirilir. Bu halda, haqlı sual ortalığa çıxır.Ya, universitetlərimiz lazımı bacarıq və vərdişlərə tələb olunan səviyyədə yiyələnən, beynəlxalq bir yana, milli əmək bazarında belə rəqabət qabiliyyəti mütəxəssislər yetişdirə bilmirlər. Ya da ki, işəgötürənlərimiz mövcud tələbatdan artıq olan kadr bolluğundan istifadə edərək, öz şəxsi və korporativ maraqlarına uyğun naşükürlük edib, əgər belə demək mümkündürsə, “şadlıqlarına şitlik” edirlər”.
Məntiqə görə, ali və ya orta ixtisas təhsil müəssisəsini yenicə bitirib, müstəqil həyata qədəm qoyan gəncdən hansı iş təcrübəsi tələb oluna bilər? Ya, bu təcrübənin qazanılması üçün oxuduqları müddətdə təhsil aldıqları müəssisələrdə onlara lazımı şərait yaradılmalı, ya da, əmək fəaliyyətinə başlamaq üçün imkan yaradılmalıdır ki, onlar bu təcrübəni məhz iş prosesində qazansınlar. Əks təqdirdə, “Bugünkü gənclərə geniş yol açmaq lazımdır” kimi məqsədimiz elə məqsəd olaraq da qalacaqdır. Bununla belə, problemin yaranmasında “günah sahibi” olmaq baxımından təhsil müəssisələrimizin payı daha çoxdur. İstəsək də, istəməsək də səmimi etiraf etməliyik ki, ali və orta ixtisas təhsil müəssisələrində əsasən, “bir ovuc” nəzəri biliklərin mənimsənilməsinə daha çox üstünlük verilir, nəinki praktik bacarıq və vərdişlərin aşılanmasına. Əlavə kurslara meyl və maraq məhz bu faktorla əlaqədardır.
Buna görə də əbəs yerə deyil ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda ikinci strateji istiqamət təhsil sahəsində insan resurslarının müasirləşdirilməsini nəzərdə tutur. Bu istiqamət innovativ təlim metodlarını tətbiq edən, təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən səriştəli təhsilverənin formalaşdırılmasına xidmət edir. Bu, özündə təhsilverənlərin peşəkarlığının yüksəldilməsi, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni sistemlərin qurulmasını nəzərdə tutur. Nə qədər ki, bu baş verməyəcək, təhsilalanlarda təhsil müəssisələrində mükəmməl təhsilə maraq hissi yaranmayacaq. Bu isə yeniyetmə və gənclər arasında bir sıra xoşagəlməz fəsadların baş verməsinə yol açacaq”.