Mektebgushesi

Dərc olunub: 21.03.2025

“Valideyn məhz övladının təhsil aldığı məktəblə bağlı olan sorğuda da iştirak edə bilir. Sorğunun nəticələri direktora və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə ünvanlanır. Növbəti mərhələdə toplanan məlumatlar əsasında detallı təhlillərə başlanılır”.

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Keyfiyyətə nəzarət və monitorinq sektorunun müdiri Fidan Nəcəfova “Azərbaycan müəllimi”nə müsahibəsində bildirib. O qeyd edib ki, valideynlərin rəyi, müəllim və şagirdlərinin müəyyən nailiyyətləri və göstəriciləri əsasında məktəbin ümumi reytinqi formalaşacaq:

“Valideyn iki istiqamət üzrə rəy verə bilir. Birincisi, təhsil müəssisəsinin direktoru ilə birbaşa ünsiyyət yarada bilir. Bu zaman direktora hər hansı bir müəllimdən razı və ya narazı olması haqqında məlumat verə bilir. Yaxud övladı ilə bağlı hər hansı problem varsa, birbaşa direktora sual ünvanlaya, nə isə soruşa və ya öz rəyini bildirə bilər. Bu onun direktorla real rejimdə ünsiyyətini təmin edir və cavabı da birbaşa təhsil müəssisəsinin rəhbərindən alır. Valideynin müəllim haqqında verdiyi rəyi sadəcə direktor görür”, – deyə o bildirib.