Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elmi-metodik nəşri olan “Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalının 2025-ci il üçün ilk sayı çap edilib. Yenilənmiş dizaynla oxuculara təqdim edilən bu sayda dilçilik, ədəbiyyat və tədris metodikasına dair aktual mövzulara həsr olunmuş elmi məqalələr yer alır.
Jurnalın bu sayında filologiya elmləri doktoru Ədalət Abbasovun “Söz-cümlə ilə yarımçıq cümlələrin sintaktik-semantik xüsusiyyətlərinin müqayisəsi”, pedaqogika üzrə fəlsəfə doktoru Soltan Hüseynoğlunun “Ədəbiyyat təlimində şagirdlərin müstəqilliyinin inkişaf etdirilməsi imkanları”, filologiya üzrə fəlsəfə doktoru Elşad Abışovun “Müasir Azərbaycan dilində frazeologiyanın sərhədləri”, pedaqogika üzrə fəlsəfə doktoru Könül Məmmədovanın “İbtidai siniflərdə müasir Azərbaycan dili dərslərinin ənənəvi təlimlə müqayisəsinin əsas istiqamətləri” və digər məqalələr dərc edilib.
Dərc olunan məqalələrin tam mətni “Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalının rəsmi veb-saytında (https://tall.edu.az) oxuculara təqdim olunur.
1954-cü ildən çap edilən “Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalı Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi dövri elmi nəşrlər sırasında yer alır və bir sıra beynəlxalq indeks bazalarına daxildir.