16 mart 2025-ci il tarixində SattarArt art studioda möhtəşəm “Baharın Rəngləri” adlı rəsm sərgisi baş tutdu. Bu tədbir baharın gəlişini simvolizə edən rəngarəng əsərlərlə dolu maraqlı bir sənət bayramına çevrildi.
Sərgidə 40 gənc rəssamın əl işləri nümayiş olundu. Gənc istedadlar öz əsərlərində baharın təravətini, təbiətin oyanışını və həyatın yenidən canlanmasını ustalıqla əks etdirmişdilər. Onların zəhməti sərgi sonunda sertifikatlarla təltif olundu və bu, hər bir iştirakçı üçün böyük ruh yüksəkliyi yaratdı.
Tədbirə xüsusi rəng qatan maraqlı səhnəciklər isə Kosa, Keçəl və Bahar qızı obrazlarının iştirakı ilə baş tutdu. Onların şən və məzəli çıxışları sərginin atmosferini daha da canlandıraraq, ziyarətçilərə unudulmaz anlar yaşatdı.
Sərginin rəsmi açılışını ədəbiyyatçı, şairə Gülarə Hacızadə və SattarArt studionun rəhbəri Şəms Səttar zadə həyata keçirdi. Onlar çıxışlarında gənc rəssamları təbrik edərək, onların gələcək uğurlarına dair xoş arzularını bildirdilər. Eyni zamanda, gənc istedadların valideynlərinə dəstək və təşviqlərinə görə xüsusi təşəkkürlər ifadə etdilər.
Sərginin sonunda SattarArt studionun komandası və bu tədbirin həyata keçirilməsində əməyi keçən dəyərli müəllimlərə təşəkkürnamələr təqdim olundu.
“Baharın Rəngləri”sərgisi gənc rəssamların istedadını ön plana çıxarmaqla yanaşı, incəsənətə olan sevgini və yaradıcılıq ruhunu bir araya gətirən unudulmaz bir tədbir kimi yadda qaldı.



