Dərc olunub: 19.03.2025

 

ADNSU-nun rektoru, dosent Rüfət Əzizov, Ümumi işlər üzrə prorektor Elnur İsmayılov və universitetin əməkdaşları Novruz bayramı ərəfəsində 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan məzunlarımızın ailələrini ziyarət ediblər.

Universitetdən Mektebgushesi.az-a verilən məlumata görə, ADNSU-nun bir neçə şəhid məzununun ailəsində olan dosent Rüfət Əzizov şəhidlərimizin ailə üzvləri ilə səmimi söhbət edib.

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın 30 ilə yaxın düşmən tapdağında olan əzəli Azərbaycan torpaqlarını işğaldan azad etdiyini deyən Rüfət Əzizov şəhidlərimizin igidliyi sayəsində bu gün suveren Azərbaycanın hər yerində uca bayrağımızın dalğalandığını deyib. O əlavə edib ki, ADNSU-nun qəhrəman məzunlarının ailələri ilə sıx təmas saxlanılır və onlar universitet üçün hər zaman doğma, əziz insanlardır. Universitetin nümayəndə heyəti Bakı şəhəri ilə yanaşı, Qazax, Ağstafa, Şəki, Oğuz, Neftçala, Salyan və digər rayonlarda şəhid ailələrini ziyarət edib, bayramlarını təbrik edərək xoş arzularını çatdırıb və hər zaman yanlarında olduqlarını bildiriblər. Görüş zamanı şəhidlərin abidə kompleksləri ziyarət olunub, büstləri önünə gül dəstələri düzülüb.Qeyd edək ki, ADNSU-nun 23 məzun şəhidi var və bu gün onların ailə üzvləri universitetin ən doğma və əziz insanlarıdır. Şəhid valideynləri ilə söhbət zamanı onlar da göstərilən diqqətə görə razılıqlarını bildirib və övladlarının vaxtilə təhsil aldıqları ADNSU-nu, eləcə də onun böyük kollektivini özlərinə doğma saydıqlarını deyiblər.