Martın 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Filologiya fakültəsi və Beynəlxalq əlaqələr üzrə prorektorluğun nəzdində fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə “Vedinin yanı dağlar” adlı təqdimat mərasimi keçirilib. Tədbirdə fükültənin professoru Təyyar Salamoğlu və filologiya üzrə fəlsəfə doktoru Məhrux Dövlətzadənin birlikdə tərtib etdikləri ““Qarlı aşırım”ın tənqid variantları” monoqrafiyasının təqdimatı keçirilib.
Tədbirdə ADPU rəhbərliyi, dövlət rəsmiləri, Milli Məclisin deputatları, universitetin müvafiq sturukturlarının rəhbərləri, Filologiya fakültəsinin professor-müəllim heyəti və yazıçı-nasir Fərman Kərimzadənin nəvəsi Yeganə Kərimzadə iştirak edib.
Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru professor Cəfər Cəfərov Fərman Kərimzadənin məşhur “Qarlı aşırım” əsərinin Azərbaycan ədəbiyyatındakı əhəmiyyətindən danışıb. Rektor eyni zamanda, təqdimatı keçirilən əsərin “Qarlı aşırım”ın tənqidi və ədəbi-bədii baxımdan dəyərləndirilməsinə xidmət etdiyini bildirib.
Çıxış edən ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova vurğulayıb ki, əsər Azərbaycan tarixində mühüm bir dövrün – 30-cu illərin repressiya, sinfi qarşıdurma və ideoloji mübarizə kontekstindəki reallıqlarını dolğun şəkildə əks etdirən mühüm nümunələrdən biridir. M.Hüseynova hazırlanmış monoqrafiyanın “Qarlı aşırım” əsərinin tənqidçi gözü ilə yenidən qiymətləndirilməsi baxımından əhəmiyyətli olduğunu və ədəbiyyatşünaslıqda yeni yanaşmaların formalaşmasına töhfə verdiyini xüsusi vurğulayıb.
Təqdimatın davamında çıxış edən akademik Nizami Cəfərov, Milli Məclisin deputatı Hikmət Babaoğlu, professor Vaqif Şadlinski və Fərman Kərimzadənin nəvəsi Yeganə Kərimzadə “Qarlı aşırım” əsərində sinfi mübarizənin kəskin xarakter aldığı dövrün kəndinin canlı mənzərəsi, qarşı-qarşıya duran iki cəbhənin mübarizəsinin real səhnələrlə işıqlandırılmasından bəhs ediblər.
Daha sonra tədbir monoqrafiyanın müzakirəsi və ümumi diskusiya ilə davam edib.