Martın 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova universitetin kafedra müdirləri (tədqiqat qruplarının rəhbərləri) ilə görüşüb.
Universitetdən bildirilib ki, görüşdə elmi-tədqiqat işləri ilə bağlı mövcud vəziyyət müzakirə olunub, perspektivlərdən və bu istiqamətdə görüləcək işlərdən bəhs olunub. Sonra prorektor 2026-2030-cu illər üçün təqdim edilən mövzulara yenidən baxılmasını təklif edib və mövzulara qoyulan tələbləri iştirakçıların diqqətinə çatdırıb. Mövzuların müasir, respublikanın inkişafına dəstək verən istiqamətlərə və universitet klasterlərinə uyğunluğu, mövzular üzrə aparılacaq tədqiqatın nəticələrinin kommersiyalaşmaya təqdim edilməsinin mümkünlüyü, layihə və patentlərin işlənilməsi, doktorant və dissertantların dissertasiya mövzularının müəyyən edilməsi, elmi tədqiqat məhsullarının hazırlanması, mövzular üzrə konfransların təşkilinin mümkünlüyü kimi tələblərdən danışıb.
ADNSU-nun həm də “Milli Tədqiqat Universiteti” kimi formalaşmasını hədəf seçdiyini xatırladan professor Lətafət Qardaşova kafedralarda tədrislə yanaşı, elmi nailiyyətlərin daha da yüksəlməsinin, bu istiqamətdə görüləcək işlərin hər zaman diqqətdə saxlanılmasının vacibliyini vurğulayıb.

