Martın 18-də Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin (ADPU THİK) təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş “NoVa Fest 2025” adlı möhtəşəm bayram şənliyi keçirilib.
Rəngarəng xonça müsabiqəsi ilə başlayan tədbirdə fakültələr öz bənzərsiz xonçalarını təqdim edərək Novruzun simvolik ruhunu əks etdiriblər. Daha sonra tədbir rəsmi hissə ilə davam edib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
ADPU-nun rektoru professor Cəfər Cəfərov və ADPU THİK sədri Cəmilə Qurbanova çıxış edərək bütün tələbələri baharın gəlişini müjdələyən Novruz bayramı münasibətilə təbrik ediblər.
Bədii hissədə ADPU THİK Rəqs Ansamblı möhtəşəm çıxışı ilə iştirakçıları valeh edib. Tələbələr “Axtarıb tapdım səni” və “Səmənidən sözü olanlar” səhnəciklərini təqdim ediblər. Kosa və Keçəl maraqlı zarafatları ilə hər kəsin üzündə gülüş yaradıblar. Sonda “Aynaband” qrupunun möhtəşəm ifası ilə yekunlaşan tədbir unudulmaz anlarla yadda qalıb.