Müsavat Partiyasının fəalı Natiq Mehdini qətlə yetirməkdə ittiham olunan Elsevər İslamovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Mektebgushesi.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən son prosesdə təqsirləndirilən şəxsə hökm oxunub və o, 19 il azadlıqdan müddətinə məhrum edilib.
Xatırladaq ki, dövlət ittihamçısı ötən prosesdə təqsirləndirilənin üç il müddətinə müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə, 20 il müddətinə azadlıqdan məhrum olunmasını məhkəməyə təklif edib.
Qeyd edək ki, qətl hadisəsi ötən ilin may ayında, Bakının Xətai rayonu ərazisində, 55 saylı orta məktəbdə baş verib. 1964-cü il təvəllüdlü Natiq Məhəmməd oğlu Mehdinin itkin düşməsi barədə polisə daxil olmuş müraciət üzrə araşdırma aparılıb.
Natiq Mehdinin iş yoldaşı – 1966-cı il təvəllüdlü Elsevər Eldar oğlu İslamov tərəfindən şəxsi münasibətlər zəminində qətlə yetirilməsinə əsaslı şübhələr müəyyən edilib. Elsevər İslamov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Natiq Məhəmməd oğlu Mehdi (Ulubəy) Müsavat Partiyasının fəallarından olub.
O, son qurultaydan əvvəl partiya başqanlığına namizədliyini irəli sürüb, İsa Qəmbər namizədliyini verdikdən sonra isə namizədliyini geri götürüb.
Onun qətlinin üstü açılandan bir neçə gün əvvəl maşını ilə itkin düşdüyü bildirilmişdi.
Qətllə bağlı 55 nömrəli orta məktəbdə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində çalışan Elsevər İslamova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 245-ci (qəbir üzərində təhqiredici hərəkət) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma, zor tətbiq etməklə və ya zor tətbiqetmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunub.