Dərc olunub: 15.03.2025

 

Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda keçirilən XII Qlobal Bakı Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Latviyanın keçmiş Prezidenti Andris Berzins Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub.

Qonaq AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb. Rektor Vilayət Vəliyev AzTU-da görülən işlər və həyata keçirilən layihələr barədə məlumat verib. Bildirib ki, AzTU Latviya universitetləri ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Latviyanın keçmiş Prezidenti Andris Berzins də öz növbəsində qeyd edib ki, o Latviyanın qabaqcıl texniki universitetləri ilə AzTU arasında əməkdaşlığın inkişaf etdirilməsində dəstəyini göstərəcək.

Görüş çərçivəsində qonaq AzTU-nun fəaliyyətini əks etdirən video təqdimata baxıb.