Dərc olunub: 15.03.2025
Martın 13-də Elm və Təhsil Nazirliyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti və “Alqoritmika-Azərbaycan” şirkətinin birgə təşəbbüsü ilə həyata keçirilən “Code for Future” layihəsi çərçivəsində universitetin sonuncu tədris ili tələbələri üçün  müəllimlərin işə qəbulu imtahanı ilə bağlı maarifləndirmə xarakteri daşıyan “MİQ infosessiyası” adlı görüş təşkil edilib.
Tədbirdə çıxış edən ADPU-nun strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva müəllimlik peşəsinin artan nüfuzundan, regionlarda müəllim kadrlarına olan tələbatdan, həmçinin gənc müəllimlərin yerli icmalara dəstək verməsinin vacibliyindən danışıb. K.Pirverdiyeva gənc müəllimlərin müasir innovativ təlim yanaşmalarını tətbiq edərək, şagirdlərin öyrənmə prosesinə müsbət təsir göstərə biləcəklərini vurğulayıb.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Layihələrin təşkili və idarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi Fəridə Həsənli müəllimlərin işə qəbul (MİQ) müsabiqəsinə müraciət və elektron sistemlə iş qaydaları, eləcə də MİQ-ə müraciət və yerdəyişmə statistikaları barədə geniş təqdimat edib.
“Alqoritmika-Azərbaycan” şirkətinin layihələr üzrə direktoru Qəmər Məmmədova və şirkətin “Code for Future” layihəsinin rəhbəri Nəzrin Əliyeva müəllimlik peşəsinin üstünlüklərindən, bu sahədəki perspektiv imkanlardan, eləcə də “Rəqəmsal bacarıqlar” layihəsinin əhatə dairəsindən və gələcək planlardan söz açıblar. Qeyd edilib ki, layihənin gələcəkdə bütün regionları əhatə etməsi planlaşdırılır.
Çıxışlarda həmçinin Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən islahatlar, müəllimlərin əmək haqlarının artırılması, müəllimlərin sertifikasiyası əsasında fərqli əmək haqqı sisteminin və rəğbətləndirmələrin tətbiqi, region məktəblərinin maddi-texniki təchizatlarının yaxşılaşdırılması məsələləri müzakirə olunub.
Görüşün sonunda tələbələr tərəfindən ünvanlanan suallar cavablandırılıb.