Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) 100 illik yubileyi münasibətilə “100 yaşlı kitabxana” adlı virtual sərgi təqdim edir. Bu barədə AMEA-dan məlumat verilib.
Sərgi MEK-in fondlarında saxlanılan nəşrlər əsasında hazırlanıb. Burada Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin kitabxana haqqında dəyərli fikirləri, eləcə də Mərkəzi Elmi Kitabxananın yeni binasının tikilməsi ilə bağlı Sərəncam yer alıb. Bundan başqa, MEK-in tarixi, missiyası, hədəfləri, fondları və könüllülük fəaliyyəti haqqında məlumatlar, foto və videotəlimatlar da sərgidə nümayiş olunur.
Sərgilənən nəşrlər arasında Prezident İlham Əliyevin sərəncamına əsasən AMEA Rəyasət Heyətinin Tədbirlər Planına uyğun olaraq MEK-in tərtib etdiyi biblioqrafik göstəricilər və soraq-biblioqrafik məlumat kitabları da yer alır.
Sərgidə həmçinin “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyası çərçivəsində nəşr olunan şəxsi biblioqrafiyalar da təqdim edilir.
MEK-də ənənəvi formada da təşkil edilən sərgi ilboyu mütəmadi olaraq yenilənəcək və davam etdiriləcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.