Bakı Dövlət Universitetində (BDU) 27 Mart – Azərbaycanda Elm Gününə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) sədrinin müavini, fizika elmləri doktoru, dosent Sakin Cabarov tərəfindən “Elmi dərəcələrin verilməsində elmi əsərlərə qoyulmuş tələblər” mövzusunda elmi seminar keçirilib.
Bu barədə universitetdən məlumat verilib.
Sakin Cabarov Ali Attestasiya Komissiyasının son illərdəki fəaliyyəti, elmi dərəcələrin verilməsində elmi əsərlərə qoyulmuş tələblər barədə ətraflı məlumat verib. Bildirib ki, dəqiq və təbiət, humanitar və ictimai elm sahələri üzrə bu tələblər fərqlidir. Məruzəçi indekslənən jurnallarda dərc edilən elmi əsərlərin çoxluğunun arzuolunan olduğunu qeyd edib və Azərbaycanda 18-ə yaxın indekslənən jurnalın nəşr edildiyini diqqətə çatdırıb. O, fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi almaq üçün elmi əsərlərin, o cümlədən indekslənən jurnallarda dərc olunan elmi əsərlərin tələb olunan sayı barədə də iştirakçıları məlumatlandırıb.
AAK sədrinin müavini beynəlxalq konfranslar üçün təqdim edilən elmi məqalələrə də xüsusi diqqət yetirməyin vacibliyini vurğulayıb. O, bəzi hallarda bu məsələyə səthi münasibət bəslənildiyini, formal təşkil olunan konfranslara material təqdim etməyin qeyri-ciddi yanaşma olduğunu bildirib. Sakin Cabarov Ali Attestasiya Komissiyasının rəsmi veb-səhifəsində doktorantları və tədqiqatçıları maraqlandıran bütün məlumatların əks olunduğunu nəzərə çatdırıb.
Seminar iştirakçıların çoxsaylı suallarının cavablandırılması və müzakirələrlə davam edib.
